"Trampın vədləri kağız üzərində qalır. İndi ABŞ inqilab ixracına geri dönüb. “Qarışmayacağıq” deyən Tramp dünyanı yenidən qarışdırır".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsdullazadə deyib.
Politoloqun fikrincə, ABŞ prezidentinin nə dediyinə deyil, nə etdiyinə baxmaq lazımdır:
"ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələrkən bəyan edirdi ki, heç bir ölkənin daxili işinə qarışmayacaq, başqa ölkələrdə inqilablar təşkil etməyəcək. Bu mövqeyinə görə Demokratları kəskin şəkildə tənqid edirdi. Lakin real siyasət tam fərqli istiqamətdə inkişaf etdi. Tramp administrasiyası Venesuela prezidenti Nikolas Moduranın yatdığı yerdə həbs olunması qərarını verdi, İranda isə açıq şəkildə etirazçılara hökumət binalarını ələ keçirməyə və inqilab etməyə çağırışlar edildi. Bununla yanaşı, İranda hakimiyyətin dəyişdirilməsi məqsədilə hərbi əməliyyatlara qərar verildiyi də açıq şəkildə bəyan olundu. Kuba ilə bağlı da oxşar ssenarinin gündəmdə olduğu görünür. Bu kontekstdə bir daha aydın olur ki, ABŞ prezidentlərinin nə dediyinə deyil, nə etdiyinə baxmaq lazımdır. Çünki seçilmiş prezident şəxsi mövqeyindən asılı olmayaraq ABŞ-ın qlobal və dövlət maraqlarını təmin etməyə borcludur. Donald Trampın Monro doktrinasına qayıdışla bağlı “Qərb yarımkürəsinə qayıdırıq” açıqlaması əslində manipulyativ xarakter daşıyır".
Politoloq qeyd edib ki, məhz bu bəyanatlardan sonra İranda etirazların intensivləşməsi diqqət çəkir:
"Trampın “Amerikanı yenidən güclü edək” şüarı onun şəxsi ideyası deyil, ABŞ dövlət strategiyasının ifadəsidir. Yeni dünya siyasi nizamı ABŞ-ın “dərin dövləti” tərəfindən Tramp vasitəsilə yenidən formalaşdırılır. Rusiya və Çinin çoxqütblü dünya qurmaq cəhdləri Vaşinqtonun hərəkətə keçməsinə səbəb oldu. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları Qərbə qarşı ekzistensial müharibə xarakteri daşıyır. Moskva bu müharibə vasitəsilə ABŞ-dan öz təsir zonasının tanınmasını tələb edir. Eyni zamanda, Çinin “yumşaq güc” alətləri ilə təsir dairəsini genişləndirməsi və hərbi potensialını artırması Vaşinqton üçün ciddi təhlükə siqnalı oldu. ABŞ prezidenti Rusiya–Çin–İran oxuna qarşı beynəlxalq hüququ kənara qoyaraq açıq hücum strategiyası həyata keçirir. ABŞ yalnız Qərb yarımkürəsinə çəkilərsə, bu, Rusiya və Çinin yeni qlobal qütblər formalaşdırması demək olardı. Buna görə də Vaşinqton ilk növbədə Amerika qitəsindən başlayaraq Çin və Rusiyanı sıxışdırıb çıxarır. Yaxın Şərqdə İran–Rusiya–Çin oxuna zərbə vurduqdan sonra Hind–Sakit okean periferiyasında Çinə qarşı növbəti mərhələyə keçməyi planlaşdırır. Rusiyaya gəldikdə isə, Moskva Ukrayna müharibəsində strateji məğlubiyyətə uğrayıb. Demək olar ki, ABŞ təkqütblü dünyanın daha da güclənmiş aparıcı gücü kimi mövqeyini möhkəmləndirir".
Politoloqun fikrincə, bu şəraitdə Azərbaycan ABŞ-la əməkdaşlığı dərinləşdirməli, Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatının inkişafına nail olmalıdır:
"Bu, həm regional təhlükəsizlik, həm də uzunmüddətli geosiyasi maraqlar baxımından strateji əhəmiyyət daşıyır".
Xalidə Gəray
Musavat.com






