İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail müharibəsi qapıda? - Bakı üçün növbəti sınaq

1172 23.12.2025 14:11 Ölkə A A

Netanyahu cənub qonşumuza yeni hücum hazırlığı görür - Cənubi Qafqazı gözləyən təhlükə

Xəbər verildiyi kimi, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da ABŞ-də Prezident Donald Trampla görüşərək İrana qarşı mümkün təkrar hərbi zərbələrin endirilməsi məsələsini müzakirə edəcək. 

Məlumatlı mənbələrin bildirdiyinə görə, bu görüş zamanı Netanyahu Tehranın sürətlə genişlənən raket proqramı, eləcə də İsrail, region ölkələri və ABŞ üçün ciddi təhlükə kimi qiymətləndirilən İranın nüvə obyektlərinin bərpası ilə bağlı topladığı sübutları Amerika tərəfinə təqdim etməyi planlaşdırır. İsrail rəsmiləri hesab edir ki, İranın son illər həyata keçirdiyi texnoloji və hərbi modernləşmə bölgədə strateji balansı dəyişmək gücünə malikdir.

Qeyd edək ki, daha əvvəl İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea da açıq şəkildə İranı nüvə silahı yaratmaq istiqamətində fəaliyyətini davam etdirməkdə ittiham etmişdi. Onun sözlərinə görə, Tehran beynəlxalq nəzarət mexanizmlərindən yayınaraq gizli şəkildə nüvə potensialını artırmağa çalışır. İran tərəfi isə ənənəvi mövqeyinə sadiq qalaraq bu ittihamları qətiyyətlə rədd edir və nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edir. Bununla belə, Qərb və İsrail kəşfiyyat dairələri Tehranın bəyanatlarına etimad göstərmir və real təhlükə ehtimalının getdikcə artdığını vurğulayır.

Bütün bu fon isə regional və qlobal miqyasda ciddi suallar doğurur: ikinci İran-İsrail müharibəsi nə dərəcədə realdır? Əgər hərbi qarşıdurma yenidən alovlansa, bu dəfə tərəflərdən hansı daha yaxşı hazırlanıb və üstünlük əldə edə bilər? Son illərdə İsrailin hava hücumundan müdafiə sistemlərini gücləndirməsi, ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirməsi, İranın isə raket və pilotsuz uçuş aparatları sahəsində ciddi irəliləyişlər əldə etməsi mümkün müharibənin daha genişmiqyaslı və dağıdıcı ola biləcəyini göstərir.

Eyni zamanda belə bir qarşıdurmanın Cənubi Qafqaz üçün, xüsusilə də Azərbaycan üçün hansı risklər yarada biləcəyi də diqqət mərkəzindədir. İranla həmsərhəd olan Azərbaycan üçün regional sabitliyin pozulması, təhlükəsizlik çağırışlarının artması və mümkün geosiyasi təzyiqlər real təhlükə mənbəyi kimi dəyərləndirilir. Bu baxımdan Bakının mümkün ssenarilərə qarşı hansı önləyici addımları atacağı, diplomatik balansı necə qoruyacağı və milli təhlükəsizlik strategiyasını hansı istiqamətdə gücləndirəcəyi xüsusi əhəmiyyət kəsb edir.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb: “İran rəhbərləri 12 günlük müharibədən sonra dəfələrlə elan edir ki, İsrail Irana hücuma hazırlaşır, buna görə də qabaqlayıcı tədbirlər görülür. Yəni silah, hava hücumundan müdafiə sistemləri, təyyarələr alır, bu istiqamətdə bir sıra işlər görülüb. İsrail hakimiyyəti də İrana hücum etməyə hazırlaşdığını açıq şəkildə deyir. Yəni hər iki tərəf bu toqquşmaya hazırlaşır. Ancaq müharibə başlatmaq təkcə Netanyahunun iradəsindən asılı deyil, əgər olsaydı, yəqin ki, çoxdan başlatmışdı. İsrailin İrana hücum etməsi üçün ən azı ABŞ-nin hərbi dəstəyi və ya belə demək olarsa, icazəsi lazımdır. Xüsusilə də iyun ayında baş verən müharibə göstərdi ki, ABŞ olmasa İsrail İranla təkbaşına bacara bilməz. Buna görə də İsrailin İrana hücum etməsi üçün ABŞ-nin razılığına ehtiyac var. ABŞ, konkret olaraq, prezident Tramp isə hələlik bu icazəni vermir. Ancaq mümkündür ki, Netanyahu ABŞ prezidentini inandırmağa çalışacaq. Və bu ehtimal mümkündür. Əgər olarsa, İsrail İrana yenidən hücum edə bilər. Bu hücuma ən çox Netanyahunun ehtiyacı var. Lakin ümumilikdə indi Yaxın Şərqdə yeni müharibə heç kimə lazım deyil”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR