Musavat.com xəbər verir ki, Ramiz Mehdiyev işi üzrə aparılan cinayət araşdırmaları yeni mərhələyə daxil olub və prosesin əhatə dairəsi genişlənməkdədir. İstintaq çərçivəsində təkcə keçmiş yüksək vəzifəli məmurlar deyil, eyni zamanda uzun illər özlərini “müxalifət düşərgəsi” kimi təqdim edən, lakin siyasi fəaliyyətləri boyunca müxtəlif xarici mərkəzlərlə əlaqələri barədə iddialar səsləndirilən şəxslər də diqqət mərkəzinə düşüb.
Bu kontekstdə Milli Şuranın qurucularından və əsas fiqurlarından olan Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, MŞ-da Ramiz Mehdiyevi təmsil edən Gültəkin Hacıbəyli, eləcə də bu çevrəyə yaxın bir sıra simaların istintaqa cəlb olunması, bəzi həbslərin həyata keçirilməsi Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub.
Gedən proses fonunda Yeni Müsavat Media Qrupu, digər media qurumları kimi, mövcud faktlar, açıqlamalar və əldə edilən məlumatlar əsasında müxtəlif analitik materiallarla çıxış edir.

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu da uzun illər siyasi proseslərin birbaşa iştirakçısı olmuş şəxs kimi öz mövqeyini açıq şəkildə ifadə edir, bildiklərini və qənaətlərini ictimaiyyətlə bölüşür.
Eyni zamanda TV Musavat efirində çıxış edən millət vəkili Fazil Mustafa – Milli Hərəkatın rəhbərlərindən biri, siyasi proseslərin yaxından iştirakçısı kimi – istintaqın mahiyyəti, onun mümkün istiqamətləri və xarici faktorlarla bağlı bir sıra ciddi iddialar səsləndirib. Fazil Mustafa TV Musavatın efirındə açıq şəkildə bildirib ki, istintaqın gəldiyi nöqtə təsadüfi deyil və burada Əli Kərimli, Gültəkin Hacıbəyli, xüsusən də Cəmil Həsənlinin Rusiyadan daha çox və əsasən İran kəşfiyyat şəbəkələri ilə əlaqələri barədə şiddətli şübhələr mövcuddur.
Millət vəkilinin sözlərinə görə, söhbət təkcə fərdi əlaqələrdən getmir. O qeyd edib ki, Milli Şuranın formalaşdırılması prosesində, eləcə də vaxtilə “Milyarderlər İttifaqı” adı altında Azərbaycanda dövlət çevrilişinə cəhd məqsədi daşıyan, Rusiya mənşəli maliyyə mərkəzləri ilə bağlı strukturlaşmış qruplarda bu şəxslər fəal rol alıblar. Məqsəd isə prezident hakimiyyətini devirmək və “keçid Milli Şurası” adı altında alternativ hakimiyyət modeli qurmaq olub.

Bu iddialardan sonra diqqətçəkən və əslində hər şeyi yerinə oturdan mühüm bir məqam ortaya çıxıb. İran dövlətinin nəzarətində olan və İran kəşfiyyatının Azərbaycana qarşı informasiya alətlərindən biri kimi tanınan "Seher Azeri" telekanalı və onun sosial platformalardakı səhifələri açıq şəkildə mövqe sərgiləyib. Kanalın yayımladığı materiallarda Cəmil Həsənli və Milli Şura müdafiə olunur, Fazil Mustafa və Rauf Arifoğlu isə hədəfə alınır.

Skrinlərdə açıq-aydın görünür ki, "Seher TV" Fazil Mustafanı “Ramiz Mehdiyevin tapşırığı ilə deputat olmaqda” ittiham edir, izi azdırır, eyni zamanda Milli Şura sədri Cəmil Həsənlinin mövqeyini əsaslandırmağa çalışır. Daha da irəli gedərək, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu barədə əsassız, böhtan xarakterli iddialar irəli sürülür.
Bu məqam isə Fazil Mustafanın daha əvvəl səsləndirdiyi iddiaların mahiyyətini faktiki olaraq təsdiqləmiş olur. Çünki Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, "Seher TV" İran kəşfiyyatının Cənubi Qafqaz, xüsusən də Azərbaycan istiqamətində apardığı informasiya-diversiya fəaliyyətinin əsas alətlərindən biridir. Kanal illərdir Azərbaycan dövlətçiliyini, milli dəyərləri, dövlət rəhbərliyini hədəfə alan, təxribatçı məzmunlarla çıxış edir.

Əgər bu kanal bu gün açıq şəkildə Cəmil Həsənlini, Milli Şuranı müdafiə edir, onlara qarşı tənqidi mövqe tutan media qurumlarını və millət vəkilini hədəfə alırsa, bu, artıq təsadüf deyil. Bu, İran kəşfiyyatının maskanı kənara ataraq Bakıdakı ideoloji və siyasi dayaqlarını açıq şəkildə qorumağa başlaması deməkdir.
Xatırlatmaq yerinə düşər ki, Fazil Mustafa 2023-cü ilin mart ayında açıq terror aktına məruz qalıb, güllə yarası alaraq uzun müddət xəstəxanada müalicə olunub. Həmin terror hadisəsi üzrə istintaq materiallarında İran izi ilə bağlı ciddi sübutların olduğu dəfələrlə açıqlanıb. Azərbaycan Prezidenti də Şuşada etdiyi çıxışında İranın bu proseslərdə roluna dair birbaşa açıqlama verib.
Bu mənzərə onu göstərir ki, İran kəşfiyyatı Azərbaycanda “İslam inqilabı” ixracı ideyasından imtina etməyib. Bunun üçün informasiya müharibəsi aparır, proksi şəbəkələr formalaşdırır, siyasi və ictimai fiqurları öz təsir dairəsində saxlamağa çalışır. Milli Şura və AXCP ətrafında formalaşan çevrələr də uzun illərdir bu təsir mexanizmlərinin bir hissəsi kimi gündəmdədir.
Bu baxımdan "Seher TV"-nin son açıq mövqeyi təkcə media qalmaqalı deyil. Bu, Azərbaycan ictimaiyyəti üçün ciddi siqnaldır: kimlərin hansı xarici mərkəzlərlə eyni xətt üzrə hərəkət etdiyi artıq gizli saxlanılmır. İran kəşfiyyatı oyunun sonuna yaxınlaşdığını hiss etdikcə açıq hücuma keçir və Bakıdakı ideoloji dayaqlarını qorumağa çalışır.
Baş verənlər bir daha göstərir ki, Fazil Mustafanın səsləndirdiyi iddialar havadan götürülməyib. Proseslərin gedişi, xarici media reaksiyaları və xüsusilə də İran dövlət mediasının mövqeyi bu iddiaların real əsaslara söykəndiyini ortaya qoyur.
Analitik şöbə,
Musavat.com






