İnsanlara hürriyət, millətlərə istiqlal!

İran - MAQATE qarşıdurması dərinləşir - sanksiya mexanizmləri yenidən gündəmdə

516 23.01.2026 21:50 Dünya A A

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) ünvanladığı son açıqlamalar nüvə təhlükəsizliyi və beynəlxalq hüquq baxımından ciddi institusional problemi üzə çıxarır. Söhbət nüvə obyektlərinin hərbi hədəfə çevrilməsi fonunda MAQATE-nin hüquqi mövqeyinin qeyri-müəyyənliyindən gedir.

Musavat.com xəbər verir ki, məsələ ondadır ki, ABŞ və İsrailin İranın Natanz, Fordo və İsfahan ərazilərində yerləşən nüvə obyektlərinə endirdiyi hərbi zərbələrdən sonra MAQATE nə bu hücumları açıq şəkildə qınayıb, nə də onların Agentliyin mandatına və nüvə təhlükəsizliyi prinsiplərinə uyğunluğunu hüquqi müstəvidə qiymətləndirib. MAQATE-nin əsas hüquqi bazası 1957-ci il Nizamnaməsi, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və ona əlavə edilmiş təminat sazişləridir. Agentliyin əsas funksiyası nüvə materiallarının yalnız dinc məqsədlərlə istifadəsinə nəzarət; nüvə obyektlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin olunması; nüvə insidentlərinin regional və qlobal nəticələrinin qarşısının alınmasıdır.

Bu kontekstdə nüvə obyektlərinə hərbi hücumlar, istər birbaşa, istərsə də dolayı yolla, MAQATE-nin əsas fəaliyyət sahəsinə daxil olan risk faktorudur. Beynəlxalq humanitar hüquq və əlavə protokollara görə, mülki infrastruktura – xüsusilə də ekoloji və transsərhəd fəsadlar yarada biləcək obyektlərə hücumlar xüsusi hüquqi qiymətləndirmə tələb edir.

Lakin mövcud vəziyyətdə MAQATE bu qiymətləndirməni aparmayıb və ya açıq şəkildə təqdim etməyib.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri bu arqumentləri əsas tutaraq MAQATE-dən iki əsas hüquqi suala cavab tələb edir:

Agentliyin qeydiyyatında olan və daimi nəzarət altında saxlanılan nüvə obyektlərinə hərbi hücumlar hansı beynəlxalq hüquqi norma ilə əsaslandırılır?

Belə hücumlardan sonra həmin obyektlərə baxış keçirilməsi üçün MAQATE-nin hansı hüquqi və texniki protokolu mövcuddur?

İran tərəfi bildirir ki, bu məsələ hələ 4 əvvəl MAQATE-nin rüblük iclasında qaldırılıb və nüvə obyektlərinə hücumların qadağan olunması gündəliyə salınmaq istənilib. Lakin təklif müzakirəyə çıxarılmayıb. Bu isə Agentliyin institusional neytrallığı ilə bağlı suallar yaradır.

MAQATE-nin baş direktoru Rafael Qrossinin əsas narahatlığı İranın təxminən 441 kiloqram 60 faiz zənginləşdirilmiş uran ehtiyatıdır. Hüquqi baxımdan bu səviyyə hələ nüvə silahı kateqoriyasına daxil olmasa da, NPT çərçivəsində ciddi nəzarət tələb edir.

Problemin mahiyyəti ondadır ki, Agentlik bu ehtiyatları sonuncu dəfə ən azı 7 ay əvvəl yoxlayıb. MAQATE-nin daxili standartlarına əsasən, bu cür materiallar aylıq əsasda təsdiqlənməlidir. Yoxlamaların dayandırılmasının əsas səbəbi isə təhlükəsizlik riskləri və İran parlamentinin İsrail və ABŞ hücumlarından sonra Agentliklə əməkdaşlığı məhdudlaşdırmasıdır. Bu qərar İranın Ali Milli Təhlükəsizlik Şurasının icazə mexanizmi ilə əsaslandırılıb və dövlətin təhlükəsizlik hüququ çərçivəsində izah olunur.

Rafael Qrossi açıq şəkildə bildirir ki, “diplomatik ehtiyatlılıq” nümayiş etdirir və İran - ABŞ arasında mümkün geniş razılaşma üçün aparılan danışıqları nəzərə alır. Lakin hüquqi baxımdan bu yanaşma MAQATE-nin texniki və müstəqil qurum statusu ilə ziddiyyət təşkil edir.

Agentliyin vəzifəsi siyasi prosesləri qorumaq deyil, mövcud hüquqi rejimin icrasını təmin etməkdir. Əgər hərbi hücumlar nəticəsində yoxlamalar mümkün deyilsə, bu fakt həm hesabatlarda, həm də rəsmi mövqedə açıq şəkildə qeyd olunmalıdır. Əgər mövcud vəziyyət uzun müddət davam edərsə, MAQATE İranı NPT öhdəliklərini pozmaqda ittiham edə bilər.

Bundan sonra məsələ BMT Təhlükəsizlik Şurasına daşına, sanksiya mexanizmlərinin yenidən işə salınması üçün hüquqi zəmin yarana bilər.

Lakin eyni zamanda, nüvə obyektlərinə hərbi hücumlar hüquqi qiymət almadan qalarsa, bu, beynəlxalq nüvə təhlükəsizliyi sistemində presedent yaradır. İran - MAQATE qarşıdurmasının mahiyyəti uranın harada olmasından daha genişdir. Burada əsas məsələ beynəlxalq hüququn selektiv tətbiqi, Agentliyin mandatının siyasi konyuktura ilə toqquşması və nüvə obyektlərinin hərbi hədəfə çevrilməsinin hüquqi nəticəsiz qalmasıdır. MAQATE bu suallara aydın və hüquqi əsaslandırılmış cavab vermədiyi müddətdə, nüvə nəzarəti sisteminin etibarlılığı və legitimliyi ciddi şəkildə mübahisə mövzusu olaraq qalacaq.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR