İranın xarici işlər naziri Abbas Əraqçi "Russia Today"ə verdiyi müsahibədə bildirib ki, ABŞ İranla ədalətli razılaşmaya hazır deyil.
Bu kontekstdə o, Vaşinqtonun həddindən artıq tələblərini və Qərbin İranın ideyalarını rədd etməsini misal gətirib:
"Hər şey onların danışıqların diktələrdən fərqli olduğunu başa düşüb-düşməmələrindən asılıdır. Danışıqlar yolu ilə əldə edilən ədalətli və balanslı bir razılaşmaya hazırıq, amma diktələri qəbul etməyə hazır deyilik. Yaxşı ideyalar təklif etdik, amma hamısı rədd edildi. Bundan sonra belə bir nəticəyə gəldik ki, kifayətdir. Onlar ədalətli bir razılaşmaya hazır deyillər".
İran xarici işlər naziri əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla da əlaqələr kəsilib:
"Reallıq budur ki, mən Stiv Uitkoffla əlaqə saxlayırdım və onunla İranın nüvə proqramı ilə bağlı müzakirələr aparırdım, amma bir neçə ay əvvəl bu əlaqələri bitirmək qərarına gəldik. 5 raund danışıqlarımız oldu və hətta altıncı raundu 15 iyuna təyin etdik, amma bundan iki gün əvvəl İsrail bizə hücum etdi və sonra ABŞ da qoşuldu".
Daha əvvəl bildirilmişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək. Bundan əvvəl isə "Mossad" rəhbəri David Barnea İranı hələ də nüvə silahı yaratmağa çalışmaqda ittiham etmişdi.
Bütün bunlar belə düşünməyə əsas verir ki, Tehranla Vaşinqton arasında gərginlik davam edir. ABŞ iddialarından əl çəkmir, İran isə geri çəkilmir. Bu, tərəflərin kompromisə gəlməsinə mane olur.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, davam edən gərginlik İsrailin maraqlarına cavab verir:
"İsrail bu gərginlikdən istifadə edərək İrana təzyiqlərin artmasına çalışır. İsrailin iyun ayında İrana hücumunda da əsas məqsəd nüvə dosyesi üzrə ABŞ ilə danışıqlara mane olmaq idi. Təl-Əviv həmin vaxt bu məqsədinə müəyyən qədər nail olmuşdu. Bundan sonra isə ABŞ-İran nizamlanması daha çətin mərhələyə qədəm qoydu. Ehtimal etmək olar ki, artıq Tehranın Vaşinqtona inamı azalıb. Bu isə danışıqları çətinləşdirir.
ABŞ İranla "dil tapa bilməsə", İsrail vasitəsilə bu dövlətə təzyiqləri artıracaq. Bu, regionda yeni eskalasiyaya səbəb ola bilər. Əks halda isə ABŞ İsraili "cilovlamağa" çalışacaq.
Fikrimcə, İran üçün ən optimal variant ABŞ ilə kompromisə getməkdir. ABŞ İrandan istədiyini alsa, ona təkcə təhlükəsizlik təminatı verməyəcək, həm də İsrailə qarşı daha "soyuq" olacaq. Hərçənd Təl-Əviv Tehran-Vaşinqton yaxınlaşmasından narahat olacaq və buna mane olmağa davam edəcək".
Cavanşir ABBASLI
Musavat.com






