ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında yaranmış gərginliklə bağlı son açıqlaması beynəlxalq ictimaiyyətin diqqətini yenidən Yaxın Şərqə yönəldib. Ağ Ev lideri bildirib ki, tərəflər hərbi hücumları bir həftəlik dayandırıblar və yaxın iki həftə ərzində “tam qələbə” elan olunacaq. O, həmçinin bu prosesin qlobal enerji bazarlarına da müsbət təsir göstərəcəyini, nəticədə neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini iddia edib.

Görəsən, ABŞ prezidenti “tam qələbə” dedikdə nəyi nəzərdə tutur?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlu Musavat.com-a bildirib ki, Tramp qlobal neft qiymətlərinə təsir etmək üçün belə açıqlamalar verir. Onun fikrincə, istər ABŞ, istərsə də İran növbəti eskalasiya baş vermədən, maraqlarının təmin olunmasına çalışır: “Qarşıdan aralıq seçkiləri gəlir və vəziyyətin bu cür davam etməsi respublikaçıların məğlub olması deməkdir. İran isə sosial-iqtisadi problemlərdən xilas olmağa və bunun üçün sanksiyaların aradan qaldırılmasına və ya yumşaldılmasına nail olmağa çalışır. Yəni danışıqlar prosesi elə nəticə verməlidir ki, tərəflər bunu daxilə qələbə kimi təqdim edə bilsinlər. Amma tərəflərin irəli sürdüyü şərtlər içərisində bəzi məqamlar bu cür ssenarinin reallaşacağını çətinləşdirir. Xüsusilə ABŞ-nin zəngiləşdirilmiş uranın İrandan çıxarılması tələbi prosesin mürəkkəb xarakter almasına şərait yaradır”.

Siyasi şərhçi deyib ki, digər həlledici məqam İsrail faktorudur: “ABŞ-də İsrail kəşfiyyatı ilə bağlı yaranan qalmaqal, yəni MOSSAD-ın ABŞ rəsmilərini dinləməsi məsələsi onu göstərir ki, Təl-Əviv Vaşinqtonla Tehran arasında razılaşma olacağından narahatdır. MOSSAD-ın yanlış hesablamaları əsasında Təl-Əvivin Trampı İrana zərbələrə razı salması ABŞ üçün arzuolunmaz vəziyyət yaratdı. Bu amil müharibənin davam etdirilməsi ilə bağlı Təl-Əvivin Vaşinqton qarşısında arqumentlərinin zəif olduğunu deməyə əsas verir. Amma İsrail hökuməti bütün mümkün vasitələrlə müharibə şəraitinin davam etməsinə və ABŞ-İran münasibətlərinin normallaşmasının əngəllənməsinə çalışır. İsrailin Livana hücumlarını artırmasının arxasında da ABŞ-İran danışıqlarının sabotaj edilməsi dayanır. Çünki İranın əsas şərtlərindən biri atəşkəsin bütün cəbhələrə, o cümlədən Livana da şamil olunmasıdır. İranın şərtlərindən birinin İsrail tərəfindən qəsdən pozulması isə bütövlükdə danışıqlar prosesinə zərbə vurur. Bunu əsas gətirərək Təl-Əvivə zərbə endirməsi ilə Tehran bu məsələdə prinsipiallıq nümayiş etdirəcəyinin mesajını verdi”. Ekspertə görə, istər İsrail-Livan, istərsə ABŞ-İran arasında atəşkəs heç bir halda dayanıqlı ola bilməz.
Cavanşir Abbaslı
Musavat.com






