İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Qafqazda “jandarm olmaq” iddiası

1419 08.07.2026 09:00 Siyasət A A

Tehran İrəvanı açıq şəkildə himayə etməyə başlasa, bu, regionda qüvvələr balansına təsirsiz ötüşməyəcək; bu ssenari regiona və Zəngəzur dəhlizinə nə vəd edir?

Yaxın Şərqdəki böhranlar fonunda İranın xarici siyasət prioritetləri dəyişsə də, Cənubi Qafqaz siyasətində xüsusi yerini qoruyur. Ekspertlər hesab edir ki, İran regional təsir imkanlarını bərpa etmək məqsədilə İrəvanla siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını daha da dərinləşdirə bilər. Ali dini liderin dəfn mərasimlərində “qisas bayrağı”nın qaldırılması təkcə emosional və dini simvol deyil, həm də Tehranın daxili və xarici auditoriyaya ünvanladığı siyasi mesajdır. Bu bayraq adətən İranın cavab vermək əzmində olduğunu nümayiş etdirir və ölkənin regional təsir imkanlarını ön plana çıxarmaq məqsədi daşıyır. Lakin İran üçün məsələ təkcə Yaxın Şərqlə məhdudlaşmır. Son illərdə Tehran Cənubi Qafqazı da öz təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən biri hesab edir.

İranın Ermənistanla münasibətlərini daha da dərinləşdirməsi Cənubi Qafqazda geosiyasi rəqabəti yeni mərhələyə daşıya bilər. Tehran üçün Ermənistan təkcə qonşu dövlət deyil, həm də regionda öz təsir imkanlarını qorumaq və alternativ nəqliyyat marşrutlarının formalaşmasına təsir göstərmək baxımından strateji əhəmiyyət daşıyır.

Məhz buna görə də Tehran İrəvanla siyasi, iqtisadi və hərbi əməkdaşlığı gücləndirməklə regionda formalaşan yeni geosiyasi reallıqlara təsir göstərməyə çalışır. Lakin İranın belə bir iddiasını reallaşdırması yalnız öz imkanlarından deyil, həm də Azərbaycan-Türkiyə tandemi, Rusiya, Qərb və digər regional aktorların atacağı addımlardan asılı olacaq.

Əgər İran İrəvanı daha açıq şəkildə siyasi, iqtisadi və təhlükəsizlik baxımından himayə etməyə başlasa, bu, regionda qüvvələr balansına təsirsiz ötüşməyəcək. Belə bir ssenari Azərbaycan-Ermənistan normallaşma prosesini çətinləşdirə, Zəngəzur dəhlizi ətrafında gərginliyi artıra və Tehran-Ankara-Bakı xəttində rəqabəti gücləndirə bilər.

Erməni mediası da yazır ki, Ermənistanla İran arasında münasibətlər son illərdə intensiv siyasi dialoqla müşayiət olunsa da, bu fəallıq hələ də real iqtisadi nəticələrə çevrilməyib. Tehrandakı “Hay Dat” komissiyasının rəhbəri İsak Yunanesyan bildirir ki, son 23-24 ildə Ermənistan və İran arasında ümumilikdə 132 ikitərəfli saziş imzalansa da, onların böyük əksəriyyəti kağız üzərində qalıb.  Ermənistan-İran münasibətlərində diqqət çəkən problemlərdən biri də informasiya mübadiləsinin zəif olmasıdır. Bu siyasətin əsas məqsədlərindən biri də regionda yeni geosiyasi reallıqların İranın maraqlarına uyğun formalaşmasına nail olmaqdır.

Bununla belə, İranın bu iddiasının qarşısında ciddi maneələr mövcuddur. Azərbaycanın 44 günlük müharibədən sonra dəyişən mövqeyi, Türkiyənin regionda artan təsiri, eləcə də Qərb və Rusiyanın maraqları Cənubi Qafqazı çoxqütblü rəqabət məkanına çevirib. Belə şəraitdə heç bir dövlət, o cümlədən İran təkbaşına regionun təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək gücdə deyil.

Bu baxımdan, “qisas bayrağı” Tehranın siyasi iradəsini və iddialarını nümayiş etdirsə də, Cənubi Qafqazda “jandarm” rolunu reallığa çevirmək üçün təkcə sərt bəyanatlar və simvolik addımlar kifayət etmir. Bunun üçün iqtisadi güc, diplomatik imkanlar və regional aktorlarla rəqabətdə üstün mövqe tələb olunur. Mövcud geosiyasi şərait isə İranın bu hədəfə çatmasının kifayət qədər mürəkkəb olduğunu göstərir.

Xəyal Bəşirov: "Rusiya geri addım atmayacaq"

Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, İran Cənubi Qafqazda siyasi və iqtisadi proseslərə təsir etmək niyyətindədir: “İrana elə gəlir ki, ABŞ-nin regiondakı planlarını poza bilər. Amma onun əvvəlki taqəti qalmayıb ki, layihələrə qarışa bilsin. İrandakı hakimiyyətin gücü özünün varlığını qorumağa çatır. O demək deyil ki, bölgəyə müdaxilə edə bilər. Ermənistanla münasibətlərdən də istifadə etməyə çalışır. İrəvan isə eyni anda regionun iki gücü ilə döyüşmək istəmir. Yəni onsuz da Rusiya ilə problemlər var, eyni vaxtda İranla gərginlik istəmir. Nəzərə alaq ki, Ermənistan iqtisadi dayaq axtarır. Hazırda İrəvanın təhlükəsizlik sahəsində yox, iqtisadi sektorda ciddi müttəfiqə ehtiyacı var ki, İran və Rusiyadan asılılıq azalsın”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin fikrincə, İran Ermənistanla münasibətlərə Cənubi Qafqazda təsir imkanlarını saxlamaq üçün yeganə çıxış kimi baxır. İranın regionda iqtisadi və siyasi maraqlarını həm də Ermənistan üzərindən həyata keçirdiyini deyən S.Əsədli hesab edir ki, Tehran müharibədən sonra öz “qabığını dəyişib” və yeni dövrə hazırlaşır: “İran savaşdan məğlub çıxmadığını düşünür və buna görə Cənubi Qafqazda təzyiqlərini artıracağını hesablayır. Xüsusən də Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq üçün bəzi destruktiv hərəkətlərə yol verməsi istisna deyil. İran Ermənistandan bu logistika ilə bağlı pay qoparmaq istəyir. Çünki bu dəhliz İranı iqtisadi cəhətdən əhəmiyyətini azaldacaq. Məhz bu baxımdan İran regional məsələlərə reaksiya verir. Xüsusən də Ermənistanın hərəkətləri İranı narahat edir. Çünki Qərb bölgəyə bu ölkə üzərindən girişməyə çalışır”.

 Samir Əsədli

Əsədli əlavə edib ki, İran ABŞ və İsraillə müharibədə tamamilə məğlub olmasa da, regional layihələrə müdaxilə gücündə deyil: “Hazırda təbliğat o yöndədir ki, İran uduzmadı. Amma ABŞ İran rejimini xeyli zəiflətdi. Bundan sonra elə fiqur qalmadı ki, onunla öyünsünlər. Sadəcə, ideoloji sistemdir deyə vaxt udmağa fürsət qazandılar”.

Qeyd edək ki, İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyi bildirilir. İran parlamentinin deputatı Ara Şahverdiyan Tehranda erməni jurnalistlərlə görüşündə bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsini illik 3 milyard dollara çatdırmaq üçün ciddi potensial mövcuddur. Onun sözlərinə görə, ötən il İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Daha sonra bu razılaşmalar İran İslam Respublikasının vitse-prezidenti Purməhəmmədinin Ermənistana son səfəri zamanı da təsdiqlənərək əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb. Deputat qeyd edib ki, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəf fəal iş aparır və qarşıdakı dövrdə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR