Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, milyarder Qagik Tsarukyanla iranlı iş adamları arasında 14,5 milyon dollarlıq maliyyə mübahisəsi yaranıb. Tsarukyanın vəkilləri iranlı iş adamlarının bu məbləği borc götürdüklərini və onun qaytarılması üçün nəzərdə tutulan iki illik müddətin yaxın günlərdə başa çatacağını bildirirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, vəkillərdən Emin Xaçatryan bu barədə yerli jurnalistlərə danışıb. Müdafiə tərəfi iranlı iş adamları ilə üzləşdirmə keçirilməsi barədə də vəsatət qaldırıb.
Xaçatryan sözügedən əməliyyatın uğursuz biznes sövdələşməsi olması və Ermənistan hakimiyyətinin bundan Tsarukyana qarşı ittiham irəli sürmək üçün istifadə etməsi barədə suala cavabında bunun uğursuz sövdələşmə deyil, Ermənistan-İran əməkdaşlığının inkişafına yönəlmiş böyük addım olduğunu deyib.
“Cənab Tsarukyan tərəfindən bütün investisiya öhdəlikləri tam şəkildə yerinə yetirilib. Üstəlik, artıq həmin şəxsləri iranlı sahibkarlar adlandırmaqda çətinlik çəkirəm, çünki real mənzərə aydınlaşıb. Hazırda onlar cənab Tsarukyandan 14,5 milyon dollar borc götürüblər, lakin ictimaiyyətə hadisələrin tamamilə başqa versiyasını təqdim etməyə çalışırlar”, – vəkil qeyd edib.
Xaçatryanın sözlərinə görə, əldə edilmiş razılaşmaya əsasən, İran tərəfi 14,5 milyon dollarlıq borcu iki il ərzində qaytarmalı idi və həmin müddət yaxın günlərdə başa çatır. Tsarukyanın müdafiə tərəfi hesab edir ki, qarşı tərəfin hazırkı davranışı təsadüfi deyil və borcun qaytarılması öhdəliyindən yayınmaq məqsədi daşıya bilər. “Buna görə də əminik ki, belə davranış xətti onların öz öhdəliklərini yerinə yetirməkdən yayınmasına yönəlib”, – vəkil əlavə edib.
Musavat.com






