İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı nazir müavinin Bakıdakı o bəyanatı - Təhdid, yoxsa...

2873 24.01.2026 15:03 Siyasət A A

İrana hər hansı hərbi müdaxilə baş verərsə, bu müharibə sərhədləri aşacaq. Bunu Azərbaycanda rəsmi səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ötən gün jurnalistlərlə görüşündə bildirib.

İranlı diplomat qeyd edib ki, regionda mövcud olan geosiyasi reallıqları düzgün qiymətləndirən bəzi ölkələr bu riskin fərqindədir və mümkün gərginliyin ağır nəticələri barədə ABŞ rəhbərliyini açıq şəkildə xəbərdar ediblər. Onun sözlərinə görə, bu ölkələr yaxşı anlayırlar ki, İrana qarşı istənilən hücum Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını tamamilə poza, yeni qarşıdurma ocaqları yarada və qlobal enerji bazarlarına ciddi zərbə vura bilər.

Picture background

Vahid Cəlalzadə vurğulayıb ki, məhz bu xəbərdarlıqlar və diplomatik kanallar vasitəsilə aparılan intensiv məsləhətləşmələr hazırda genişmiqyaslı müharibə təhlükəsinin qarşısını alan əsas amillərdən biridir. 

Diplomat həmçinin əlavə edib ki, İran regionda sabitliyin qorunmasında maraqlıdır və problemlərin hərbi yox, siyasi-diplomatik yollarla həllinin tərəfdarıdır. Bununla belə, o, Tehranın öz təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidə qarşı adekvat cavab vermək hüququnu da saxladığını açıq şəkildə ifadə edib.

Bəs Vahid Cəlalzadənin "müharibənin sərhədləri aşılması" bəyanatı əsasən kimə mesaj idi — Azərbaycana, ABŞ-a, yoxsa regiondakı digər ölkələrə?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb.

Politoloq deyib ki, İran həmişə “başından böyük” ritorikasına görə bu qədər düşmən qazanıb:

“Tutaq ki, İran Amerikaya və İsrailə qarşı qıcıqlandı, hər şeyi müharibə həddinə gətirdi. Bəs burada qonşu ölkələrin - Azərbaycanın, Ermənistanın, Gürcüstanın günahı nədir?
Tez-tez də İran rəsmilərinin dilindən eşidirik ki, “Azərbaycanın Xəzər dənizindəki neft buruqlarını raketlə vuracağıq.” Əvvəla, bunu etməyə onların cəsarəti çatmaz, çünki İranda olan 40 milyon azərbaycanlı ayağa qalxıb onları süpürüb Hind okeanına atar. İkincisi, həmin neft buruqları güclü hava hücumundan müdafiə sistemləri ilə qorunur. İranın bir raketi belə həmin buruqlara yaxın düşə bilməz. Çünki həmin hava müdafiə sistemləri ən müasir sistemlərdir və istənilən İran raketini yerindən qalxan kimi havadan vurub məhv edər”.

Q.Hüseynli deyib ki, Azərbaycan İrana qarşı hərbi müdaxiləyə qarşıdır: “Biz istəmərik ki, qonşuluğumuzda qorxulu bir “yanğın” olsun. Bu “yanğın” hər tərəfə sıçraya bilər. İran tərəfinin meydanı bu şəkildə qızışdırması əlbəttə, İrana heç bir rəğbət yaratmır, əksinə qonşuların gözünə kəsilir. İndi isə bu ittihamlar müharibə həddinə çatıb.  Bir daha qeyd edirəm ki, burada qonşu ölkələrin zərrə qədər də günahı yoxdur".

Xalidə Gəray, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR