Şahin Mustafayev Ermənistana gedəcək; delimitasiya işlərinin aparılmasına əsas əngəllər nələrdir?
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Bu barədə “Sülh Körpüsü” çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşündə Ermənistanın “Orbeli” Analitik Tədqiqatlar Mərkəzinin eksperti Narek Minasyan məlumat verib. O, komissiyalar arasında son 2 görüşün Azərbaycan ərazisində keçirildiyini nəzərə alaraq bu qərarın verildiyini bildirib.
Xatırladaq ki, komissiyalara Azərbaycan tərəfdən baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə baş nazirin müavini Mher Qriqoryan sədrlik edir. Komissiyalar sonuncu dəfə 2025-ci il noyabrın 28-də Azərbaycanın Qəbələ şəhərində toplaşmışdı.
Hazırda Azərbaycanla Ermənistan arasında sərhəd danışıqları uzanır və bu, sadəcə, xəritə məsələsi deyil, həm də regional təhlükəsizlik, siyasi etimad və geosiyasi maraqların kəsişdiyi mürəkkəb prosesdir. Azərbaycan və Ermənistan arasında sərhəd məsələsi ilə bağlı son illərdə aparılan danışıqlar və razılaşmalar bəzi sahələrdə irəliləyiş olsa da, hələ də bir sıra əsas məqamlar tam razılaşdırılmayıb. Hər iki tərəf sərhədin təhlükəsizliyi üçün patrul və nəzarət məsələlərində hələ yekdil razılığa gəlməyib. Sərhəd boyunca kəndlərin və yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz geri qaytarılması, yol və nəqliyyat infrastrukturu ilə bağlı planlar tam razılaşdırılmayıb.

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, dövlət sərhədlərinin delimitasiyası uzunmüddətli prosesdir: “Ermənistanla sərhədlərin delimitasiyası prosesinə onilliklər də bəs etməyə bilər. Gürcüstanla sərhədlərimizin delimitasiyası məsələsi də bunu deməyə əsas verir. Otuz ildir ki, şimali-qərb qonşularımızla delimitasiya məsələsində problemlər yaşayırıq. Ortada Keşikçidağ kimi həllini gözləyən problemlər var. Ermənistanla bağlı məsələ də eyni qəbildəndir. Ermənistan ilk növbədə işğal altındakı dörd kəndi Azərbaycana qaytarmalıdır. Söhbət Naxçıvanın Kərki, Qazağın isə tapdaq altında saxlanılan üç yaşayış məntəqəsindən gedir. Ancaq bundan sonra ərazilərin delimitasiya və demarkasiyasının ümidli həllinə bel bağlamaq mümkündür. Üstəlik, ötən əsrin səksəninci illərində Qazax, Tovuz və Gədəbəy istiqamətlərində ruslar tərəfindən bizdən zorla alınıb ermənilərə verilən ərazilərin - örüş yerlərinin taleyi də məhz bu görüşlərdə həll olunmalıdır. İstənilən halda delimitasiya masasının qarşılıqlı olaraq hər iki ölkədə təşkili etimadın möhkəmləndirilməsi baxımından önəmlidir”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında ümumi sərhədlərin uzunluğu 1007 km-dir: “İndiyədək bunun çox cüzi hissəsi delimitasiya olunub. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyadi üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri komissiyasının və həmin tərkibdə yaranmış qrupların görüşləri və iclasları keçirilib. Mexanizmlər və başlanma nöqtələri razılaşdırılıb. Lakin delimitasiya prosesində qarşıya çıxan problemlərlə bu mürəkkəb prosesi irəli aparmaq mümkün olmur. Söhbət ondan gedir ki, erməni tərəfi hələ də guya Azərbaycanın ərazi "ələ keçirdiyini" deyir və Başkəndin verilməsinə iddia edir. Belə yanaşma isə təbii ki, delimitasiya işlərinin aparılmasına əngəllər yaradır. Dövlət komissiyaları geniş tərkibdə şərti sərhəddə və 2 dəfə Azərbaycanın Qəbələ şəhərində görüş keçirib. Qəbələdə təkcə delimitasiya məsələləri deyil, Azərbaycan üzərindən dəmir yolu vasitəsilə yüklərin daşınması da müzakirə olunub. Bundan sonra daşımalar həyata keçirilib. Doğrudur, son illər şərti sərhədlərdə delimitasiya işləri ləng getsə də, heç bir ciddi pozuntular baş verməyib. Sərhəd xəttində insident yaşanmayıb. Bu müsbət haldır və tərəflərin sülh və təhlükəsizlik gündəliyinə ciddi riayət etdiyinin göstəricisi də sayıla bilər. Ermənistan iqtidarının orduya tam nəzarət edə bilmədiyi faktını nəzərə alsaq, sərhədlərin delimitasiyasının vacibliyini bir daha ortaya qoymuş olur. Eyni zamanda sülh sazişinin yekunu imzalananadək prinsipial sərhəd məsələsinin həlli mütləq lazımdır ki, gələcəkdə yeni mübahisələrə yol açılmasın. Dövlət komissiyalarının Ermənistanda keçirilən görüşlərində hesab edirəm ki, bu detallar da ələ alınacaq. Belə görüşlər həm də iki dövlət arasında kövrək olan etimad mühitinə pozitiv təsir göstərər. Bakının xoş məramı aydın və ortadadır. İrəvandakı mövcud, mürəkkəb, ictimai-siyasi durum işlərin tempini aşağı salır".
Bu arada “Past” qəzeti yazıb ki,baş nazir Nikol Paşinyan ötən həftə yerli KİV-ə müsahibəsində İrəvanın Rusiyanın idarəçiliyində olan dəmir yolu məsələsini Moskva ilə dostcasına həll etmək niyyətində olduğunu açıqlayıb.
Paşinyanın bu açıqlaması Rusiya baş nazirinin müavini Aleksey Overçukun Moskva və İrəvanın Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəli iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacağı barədə verdiyi açıqlamadan sonra səsləndirilib. Overçukun sözlərinə görə, belə bir qərar Ermənistan tərəfinin xahişinə uyğun olaraq və erməni xalqına qarşı dostluq və qardaşlıq hisslərinə əsaslanaraq verilib.
Rusiyanın dəmir yollarının həmin iki hissəsinin bərpasını həyata keçirməsi Nikol Paşinyanın maraqlarına uyğun deyil. Digər yandan, “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı müqavilə 2038-ci ildə bitir. Amma həmin müqavilənin müvafiq bəndinə əsasən, tərəflərdən biri müqaviləni 2028-ci ildə ləğv edə bilər.
Qərb Paşinyanı güzəşt müqaviləsinin ləğvini ən qısa vaxtda həyata keçirməyə məcbur edir. Mənbəmizin sözlərinə görə, Paşinyan hazırda Fransa və Almaniya ilə gizli danışıqlar aparır. Dəmir yolu məsələsi İrəvanda Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında da ətraflı müzakirə olunub. Ermənistan tərəfinin səsləndirdiyi yeganə tələb yeni şirkət cəlb ediləcəksə, həmin dəmir yolu şirkətində Türkiyə və ya Azərbaycan kapitalının olmaması ilə bağlı idi. Amma amerikalılar bununla əlaqədar vəd verməyiblər.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






