ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanda səsləndirdiyi açıqlamalarla Vaşinqtonun Cənubi Qafqazda yeni mərhələyə keçdiyini açıq şəkildə ortaya qoyub.
Musavat.com xəbər verir ki, Vensin sözlərinə görə, TRIPP (Zəngəzur) layihəsi regionda ticarət, tranzit və enerji əlaqələrini köklü şəkildə dəyişəcək və bu proses Ermənistan–Azərbaycan sülhünü möhkəmləndirən əsas dayaqlardan birinə çevriləcək.
Cey Di Vens bildirib ki, Ermənistan hazırda regionun iqtisadi inkişafında açar mövqedə dayana biləcək bir mərhələyə gəlib. ABŞ rəsmisinin fikrincə, düzgün iqtisadi inteqrasiya və infrastruktur layihələri Ermənistanı Cənubi Qafqazın əsas iqtisadi sütunlarından birinə çevirə, bununla yanaşı regionda uzunmüddətli sabitliyə zəmin yarada bilər.
ABŞ vitse-prezidenti TRIPP layihəsinin yalnız bir nəqliyyat marşrutu olmadığını vurğulayıb. O qeyd edib ki, layihə tranzit yollarını, ticarət dəhlizlərini və enerji axınlarını bir-biri ilə əlaqələndirməklə regiona tarixi transformasiya gətirəcək. Vensin sözlərinə görə, bu cür qarşılıqlı bağlı iqtisyyatlar yaradıldıqda, davamlı sülh artıq siyasi bəyanat yox, real prosesə çevrilir.
Açıqlamada TRIPP Müəssisə Fondunun yaradılması da xüsusi diqqət çəkib. Bildirilib ki, fond vasitəsilə regiona, xüsusilə də Ermənistana əhəmiyyətli həcmdə özəl kapital axını təmin olunacaq. Bu vəsaitlər dəmir yollarının, boru kəmərlərinin və bir-biri ilə əlaqəli infrastrukturun qurulmasına yönəldiləcək.
Cey Di Vens eyni zamanda ABŞ-nin Ermənistanla pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə ilkin olaraq 11 milyon dollarlıq satış və yardım paketi nəzərdə tutulur.
Musavat.com






