İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanla Tehranın “Tramp yolu”nda davası

700 15.01.2026 18:09 Siyasət A A

Xarici işlər naziri Ermənistanı niyə nankorluqda ittiham edir?

Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir. Bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib. O, 10 yanvardan bəri İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunu vurğulayıb. Diplomat xatırladıb ki, Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb.

Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.
Şirqulami daxili etirazların sarsıtdığı və Amerika ilə müharibənin bir addımlığında olduğu bir vaxtda Zəngəzur dəhlizinin dərdinə düşməsi doğurdan da heyrətləndirir.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin mətbuat konfransında səsləndirdiyi fikirlər İran–Ermənistan münasibətlərində açıq şəkildə yeni və kifayət qədər gərgin bir mərhələnin başlandığını göstərir: "Ermənistan müstəqillik əldə etdikdən sonra uzun illər ərzində Tehranla sıx və problemsiz münasibətlər qurmuş, tərəflər bir-birlərinə qarşı açıq irad və ya ittiham səsləndirməkdən çəkinmişdilər. İran üçün Ermənistan həm regionda nadir tərəfdaşlardan biri, həm də Qərbə qarşı balans aləti rolunu oynayırdı. Lakin son dövrlər bu “sabitlik” görüntüsü sürətlə dağılmağa başlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın İran rejiminin açıq düşməni hesab olunan ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığı genişləndirməsi, bununla yanaşı, ölkə ərazisində “Tramp yolu” kimi simvolik və siyasi məna daşıyan layihələrin reallaşdırılmasına razılıq verməsi Tehranda ciddi narahatlıq yaradıb. Məhz bu narahatlığın nəticəsidir ki, İranın İrəvandakı səfiri ilk dəfə bu qədər sərt və açıq tonda danışmaq məcburiyyətində qalıb. Onun “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması, əslində, ikitərəfli münasibətlərdə yaranmış dərin etimadsızlığın və gərginliyin açıq etirafıdır.

Aydındır ki, səfir bu fikirləri şəxsi təşəbbüslə deyil, İran Xarici İşlər Nazirliyinin birbaşa təlimatı əsasında səsləndirib. Bu isə o deməkdir ki, Tehran Ermənistan hökumətinin son siyasi kursundan ciddi şəkildə narazıdır və bunu artıq gizlətmək niyyətində deyil. Xüsusilə İrəvanda yaşayan iranlıların İran səfirliyi qarşısında öz ölkələrindəki etirazlara dəstək məqsədilə aksiyalar keçirməsi səfiri daha da qıcıqlandırıb. Səfirin narazılığına səbəb olan məqamlardan biri də Ermənistan polisinin həmin etirazlara mane olmaması, əksinə, səfirliyin qarşısında aksiya keçirməyə şərait yaratması olub. Tehran bunu birbaşa siyasi mesaj və dostluq münasibətlərinə hörmətsizlik kimi qəbul edir".

İran və Ermənistan Anlaşma Memorandumu imzaladı – Redaksiya

Politoloq vurğulayıb ki, İranlı diplomatın “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” fikri isə açıq-aşkar siyasi eyhamdır: "Bu cümlə ilə səfir demək istəyir ki, Ermənistan tarixən İranın dəstəyindən faydalanıb, lakin indi bu dəstəyi unudaraq Tehrana arxa çevirir. Hətta səfirin son sözlərini belə yozmaq mümkündür: “Azərbaycan torpaqlarının işğalı dövründə Sizə verdiyimiz dəstəyi unutdunuz”.

Bu isə İranın Ermənistanın işğalçı siyasətinə dolayısı və ya açıq dəstəyinin etirafı kimi də dəyərləndirilə bilər.

Digər tərəfdən, Nikol Paşinyan yaxşı anlayır ki, İranda gec-tez mövcud rejimin dəyişməsi qaçılmazdır. Məhz bu reallığı nəzərə alaraq o, qəddar və beynəlxalq təcrid altında olan bir rejimlə uzunmüddətli tərəfdaşlıq etməkdənsə, dünyanın supergücü olan ABŞ-la daha sıx və perspektivli əməkdaşlığa üstünlük verir. Paşinyanın seçimi təkcə Ermənistanın gələcək təhlükəsizlik və iqtisadi maraqları ilə deyil, həm də regionda dəyişən geosiyasi reallıqlarla bağlıdır. Bu proseslər eyni zamanda, illər boyu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə açıq və ya gizli şəkildə dəstək verən İran rejimi üçün də ciddi bir dərs olmalıdır. Çünki regional siyasətdə ikili oyunlar, qeyri-sabit mövqelər və ədalətsiz yanaşmalar gec-tez öz nəticəsini verir. Ermənistanın bu gün Tehrandan üz çevirməsi, əslində, İranın regionda apardığı yanlış və qərəzli siyasətin məntiqi nəticəsi kimi də qiymətləndirilə bilər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR