İnsanlara hürriyət, millətlərə istiqlal!

“İRS” tariximizi yenidən yazır: 30-dan çox kitab, yüzlərlə foto, minlərlə sübut - VİDEO

685 27.11.2025 23:28 Ölkə A A

Xəbər verdiyimiz kimi noyabrın 27-də “İRS” silsiləsi çərçivəsində daha iki - “Tükənməz xəzinə” və “Azərbaycan: yeni era” adlı yeni kitablar təqdim olunub.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bununla bağlı Musavat.com-a danışıb. O, qeyd edib ki, “İRS” seriyası çərçivəsində artıq otuzdan çox kitab nəşr edilib:

"Bu kitabların doqquzu birbaşa Qarabağa həsr olunub. Qarabağ işğaldan azad olunandan sonra bu mövzunu xüsusilə önə çəkərək səkkiz kitab çapa hazırlamışıq, daha bir nəşr isə işğaldan əvvəlki dövrə həsr olunub.

Bu kitabların əsas qayəsi işğal zamanı ermənilərin Qarabağda törətdikləri cinayətləri, dağıntıları, təcavüz aktlarını və bəşəriyyətə qarşı həyata keçirilmiş vandallıq faktlarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Hələ 2015-ci ildə biz Qarabağa xüsusi fotoqraf göndərmişdik. O zaman torpaqlarımız hələ işğal altında olsa da, həmin fotoqraf risk edərək əraziləri gəzir, dağıdılmış məkanların, yanan kəndlərin, viran qoyulmuş abidələrin görüntülərini lentə alırdı. Biz bu ənənəni davam etdirərək ötən il Ermənistana da fotoqraf göndərmişik. Təbii ki, həmin fotoqraf əcnəbi idi. O, Qərbi Azərbaycan bölgəsini kəndbəkənd gəzərək azərbaycanlıların yaşadığı kəndlərin, evlərin, məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin fotolarını çəkib və ilk dəfə olaraq bunları kitab halına salıb.

Həmin “Daşları toplamaq zamanıdır” adlı kitabda təkcə İrəvanla bağlı materiallar deyil, Qərbi Azərbaycan ərazisində mövcud olmuş demək olar ki, bütün yaşayış məntəqələrinin görüntüləri yüksək keyfiyyətdə təqdim olunur. Bu kitab əvvəlcə Parisdə, daha sonra isə bir neçə başqa ölkədə təqdim olunub. Bu ilin yayında isə rəsmi şəkildə Azərbaycanda geniş ictimaiyyətə təqdim edildi.

Seriyanın digər kitabları da Frankfurt kitab yarmarkasında və müxtəlif ölkələrin beynəlxalq platformalarında uğurla nümayiş olunub".

Musa Mərcanlı vurğulayıb ki, təqdimatı keçirilən “Azərbaycan: yeni era” adlı yeni kitab isə Qarabağda əldə edilən tarixi Qələbəni, post-müharibə dövründə aparılan möhtəşəm tikinti və quruculuq işlərini, bərpa prosesinin mərhələlərini və Böyük Qayıdış strategiyasını əks etdirir:

"Bizim bütün bu layihələrimiz və nəşr fəaliyyətimiz davam edir. Böyük Qayıdışla bağlı növbəti illərdə də yeni kitablar çap edərək bu böyük tarixi mərhələni tam şəkildə sənədləşdirəcək, sonra isə bu mövzunu bağlayacağıq. Lakin işimiz bununla bitmir. Qazandığımız Qələbəni informasiya müharibəsində gələcək nəsillərə ötürmək, onu beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırmaq üçün yeni layihələr üzərində çalışacağıq”.

 

Xalidə Gəray
Foto, video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR