Gigiyena və Epidemiologiya Mərkəzinin Şabran rayon şöbəsinin müdir əvəzi Asif Nəsibov məhkəməyə verilib.
Musavat.com xəbər verir ki, müdir əvəzini məhkəməyə çəkən isə şöbənin dezinfeksiya-sanitar xidmətində 13 il çalışmış Vüsalə Nadir qızı Balayevadır.
Vüsalə Balayeva müdir əvəzi Asif Nəsibovun ona qarşı qanunsuz əməllərinin araşdırılmasını, hüquqi qiymət verilməsini istəyir.

Məhkəməyə təqdim etdiyi iddiasında yazır ki, əlində xəstəliyi ilə bağlı işə çıxmadığı haqda arayış ola-ola Asif Nəsibov tam qanunsuz olaraq onu işdən azad edib. Halbuki, Vüsalə Balayeva xəstəliyi ilə bağlı həkimdə olub, müvafiq rəsmiləşdirilmə aparılıb, ona bülleten açılıb.
Vüsalə Balayeva bülletendə ola-ola işdən çıxarılmazdan əvvəl şöbənin müdiri Asif Nəsibov ondan maaş kartını tələb edib, o, qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdən sonra təzyiqlərlə üzləşib.
Vüsalə Balayeva məhkəməyə müraciət etməzdən əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməklə müdir əvəzinin qanunsuz əməllərinin araşdırılmasını istəyib.
V.Balayeva bildirir ki, səhhətində ciddi problemlər yarandığı üçün həkimə müraciət edib, həkim ona rəsmi xəstəlik vərəqi (bülleten – red.) açıb. O da mərkəzə yazılı şəkildə izahat təqdim edib:
“Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Müdir Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib!”
Vüsalə Balayeva deyir ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər:
“Bütün bunlar maaş kartımı vermədiyim üçün edildi. Öz işimi vicdanla yerinə yetirmişəm, məni qəsdən bu maddə ilə işdən çıxarıb ki, başqa işə düzələ bilməyim. Mən subay qadınam, yaşım da az deyil. Atam rəhmətə gedib, beldən iflic anam var. Evdə anama tək baxan mənəm. 13 il işlədiyim stansiyadan sırf qanunsuz tələbi yerinə yetirmədiyimə görə işdən çıxarıblar”.
V.Balayeva bildirir ki, şöbə müdiri Asif Nəsibov şikayətlərlə bağlı ona açıq şəkildə meydan oxuyub:
“Deyir ki, kimə istəyirsən şikayət et, xeyri yoxdur, mənə heç kim bata bilməz”.
Vüsalə Balayeva deyir ki, şöbədə işlədiyi illər ərzində sağlamlığı pisləşib və ona bronxial astma diaqnozu qoyulub. Ağır kimyəvi maddələrlə təmasda işləyən dezinfeksiya işçisi üçün bu, ciddi riskdir. Buna baxmayaraq o, işini davam etdirib ki, özü də, himayəsində olan anası da son ümid yeri olan işindən məhrum olmasın. Əlindəki sübutlarla məhkəməyə müraciət edib. Zərərçəkən xanım artıq bütün lazımi dövlət qurumlarına müraciət etdiyini deyir. İş məhkəmədədir.
Onun sözlərinə görə, əlində xəstəlik vərəqi, diaqnoz sənədləri, işdən azad olunma əmri, izahat və digər bütün sübutlar var. Lakin özünü tək və müdafiəsiz hiss edir:
“Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Xahiş etmişəm ki, mənə qarşı törədilən cinayətə bərabər qanunsuzluğa son qoyulması üçün mənə dəstək olsun. Çox hörmətli Mehriban xanımdan kömək istəyirəm. Məni qanunsuz işdən azad edib həyatımı alt-üst edən Asif Nəsibov barəsində tədbir görülsün”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






