Uzun müddət Ramzan Kadırovun etimadından kənarda qaldığı deyilən Apti Alaudinov 2025-ci ildə yenidən siyasi və hərbi çəkisi artan fiqura çevrilib. Bir vaxtlar Kadırovla münasibətlərində problem yaşayan general indi onun potensial varisi kimi müzakirə olunur.
Musavat.com xəbər verir ki, bu barədə “Kavkaz.Realii” saytı bugünkü məqaləsində yazır.
Hüquq müdafiəçisi Aleksandr Çerkasovun nəşrə dediyinə görə, Alaudinov əvvəlcə Kadırov tərəfindən Ukraynaya – riskli, lakin perspektivli istiqamətə göndərilmişdi. 2022-ci ildə, “Vaqner”lə rəqabətin gücləndiyi dövrdə ona “Axmat” xüsusi təyinatlıları tapşırıldı və bu struktur tədricən ümumrusiya layihəsinə çevrildi.

O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında “Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə” həlak olublar.
Mediada yayılan məlumatlara əsasən, Alaudinov 2021-ci ildə Kadırovun portreti ilə bağlı insidentdən sonra Çeçenistan DİN-dəki yüksək postunu itirmişdi.
Bu faktın özü tərəfindən təkzib olunmasına baxmayaraq, həmin dövr onun Kadırovun gözündən düşməsi kimi qiymətləndirilirdi. Lakin vəziyyət gözlənilmədən dəyişdi. Alaudinov Rusiya Müdafiə Nazirliyinin hərbi-siyasi idarəsində elə bir mövqeyə gəldi ki, ordunun susduğu məqamlarda danışan əsas fiqur oldu. Xüsusilə Ukrayna ordusunun Kursk vilayətinə daxil olduğu dövrdə rəsmi qurumlar informasiya verməkdən çəkinərkən, Alaudinov boşluğu doldurdu. Bu isə onun Moskva üçün əvəzolunmaz fiqura çevrilməsinə səbəb oldu və nəticədə Kadırovla münasibətləri də normallaşdı.

Politoloq Abbas Qalyamov isə hesab edir ki, Alaudinovun mümkün varis kimi önə çıxmasında iki əsas amil var: “Birincisi onun “qeyri-rəsmi” müharibə təbliğatçılarına qarşı sərt və hüquqdan kənar davranmağa hazır görünməsi, ikincisi isə Ramzan Kadırovun öz imic problemləri, xüsusən də səhhəti ilə bağlı yayılan söz-söhbətlər”. Bununla belə, Qalyamov Alaudinovun Kadırovdan nə dərəcədə müstəqil olduğu sualını “ən böyük müəmmalardan biri” adlandırır. Onun fikrincə, tərəflər hələlik açıq qarşıdurmadan qaçır, çünki belə bir münaqişədən üçüncü tərəf qazana bilər.
Politoloq Ruslan Aysin isə fərqli mövqedədir. O düşünür ki, Alaudinov tədricən Kadırov klanından uzaqlaşır və özünü müstəqil siyasi fiqur kimi formalaşdırmağa çalışır. Aysinə görə, “post-Kadırov dövrü” uğrunda mübarizə artıq başlamış kimi görünür. Aleksandr Çerkasov isə bu müzakirələrə skeptik yanaşır. Onun fikrincə, Çeçenistanda real siyasi proseslər “xalça altındakı buldoqların davasını” xatırladır: kənardan çox şey görünmür, nəticələr isə gözlənilməz olur. O hesab edir ki, Kadırov heç vaxt özünə bərabər fiqurun böyüməsinə imkan verməyib və hazırkı müzakirələrin əksəriyyəti spekulyativ xarakter daşıyır.
Musavat.com






