Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş verən siyasi proseslərlə bağlı sensasion bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Rusiya rəsmisi İrəvandakı mövcud hakimiyyətin ən böyük müxalif qüvvələri seçki prosesindən kənarlaşdırmağa çalışdığını iddia edərək rəsmi Moskvanın bu xəbərlərdən ciddi narahatlıq keçirdiyini bəyan edib.
Zaxarovanın sözlərinə görə, Ermənistanda qanunlar və qaydalar çərçivəsində sağlam seçki mübarizəsi aparmaq əvəzinə, birbaşa demokratik prosedurların özünə qarşı açıq şəkildə müharibə elan edilib. Rusiya XİN sözçüsü ölkənin aparıcı müxalif hərəkatı olan "Güclü Ermənistan" blokunun və "Çiçəklənən Ermənistan" partiyasının seçkilərə buraxılmaması ehtimalını "demokratiyaya qarşı törədilmiş cinayət" adlandırıb.
Diplomat vurğulayıb ki, əgər müxalifətin sıradan çıxarılmasını nəzərdə tutan bu anti-demokratik ssenari reallaşarsa, bu addım Ermənistanda keçiriləcək parlament seçkilərinin legitimliyini tamamilə şübhə altına qoyacaq. Moskva rəsmi İrəvandan yalnız sözdə deyil, əməldə də demokratik prinsiplərə riayət etməyi və erməni vətəndaşlarının öz ölkələrinin gələcəyini azad şəkildə müəyyən etmək hüququnu əllərindən almamağı tələb edir.
Musavat.com






