Cənubi Koreya məhkəməsi keçmiş prezident Yun Sok Yolu 2024-cü ilin sonunda hərbi vəziyyət elan edərək çevriliş təşkil etməkdə günahkar bilib.
Musavat.com xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, Yun ömürlük həbs cəzasına məhkum edilib.
Cinayət məcəlləsi bu maddəyə görə yalnız ölüm cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutur. Qeyd edək ki, Cənubi Koreyada 1997-ci ildən bəri edamlara moratorium qüvvədədir.
Məlumata görə, 3 dekabr 2024-cü ildə Yun xalq qarşısında çıxış edərək ölkəni Şimali Koreya kommunist qüvvələrinin təhdidindən qorumaq üçün fövqəladə vəziyyət elan edib. Lakin 150 dəqiqə sonra parlament hərbi vəziyyətin ləğvini təsdiqləyib.
6 dekabrda parlament impiçment üçün ilk cəhd edib, lakin uğursuz olub. Bir həftə sonra, 14 dekabrda isə ikinci impiçment səsverməsi uğurla keçirilib və Yun vəzifəsindən uzaqlaşdırılaraq məhkəməyə verilib.
Musavat.com






