İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə raket yağır - Putin "zaman bizim tərəfimizdədir" deyir…

870 01.06.2026 22:13 Dünya A A

Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ili geridə qoysa da, tərəflərdən heç biri həlledici üstünlük əldə edə bilməyib. Son günlərdə isə həm cəbhədə, həm də diplomatik müstəvidə diqqətçəkən hadisələr yaşanır.

Rusiya son həftələrdə Ukraynanın paytaxtı Kiyev başda olmaqla bir sıra şəhərlərə yüzlərlə dron və raketlə zərbələr endirib. Bəzi hücumlar müharibənin başlanmasından bəri ən irimiqyaslı hava hücumları kimi qələmə verilir. Moskva xüsusilə Ukraynanın müdafiə sənayesi obyektlərini və qərar qəbuletmə mərkəzlərini hədəf aldığını bəyan edir.

Digər tərəfdən, Ukrayna da Rusiyanın arxa cəbhəsinə uzaqmənzilli dron hücumlarını artırıb.

Son aylarda Rusiyanın hərbi aerodromları, neft infrastrukturu və logistika obyektləri dəfələrlə hədəfə alınıb. Kiyev hesab edir ki, müharibənin gedişini dəyişmək üçün Rusiyanın dərinliklərindəki hərbi imkanlara zərbə vurmaq lazımdır.

Bu arada qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyadan yeni IRIS-T hava hücumundan müdafiə sisteminin təhvil verildiyini açıqlayıb. Bu sistemlər xüsusilə dron və qanadlı raketlərin vurulmasında effektiv hesab olunur. Almaniya son iki ildə Ukraynanın hava müdafiəsinin əsas təminatçılarından birinə çevrilib.

Ancaq burada bir sıra vacib məqamlar var. Birincisi, IRIS-T sistemləri Ukrayna şəhərlərinin müdafiəsini gücləndirə bilər. Digər tərəfdən Patriot sistemləri ballistik raketlərə qarşı daha təsirlidir. İkincisi, hava müdafiəsi Ukraynanı qoruyur, lakin təkbaşına cəbhədə dönüş yaratmır.

Bu səbəblərdən Almaniyanın yardımı Ukraynanın itkilərini azalda bilər, amma müharibənin taleyini birdən-birə dəyişdirəcək amil hesab olunmur.

Müharibə fonundan Rusiya prezidenti Vladimir Putinin Astanadakı son açıqlamaları diqqət çəkir. O, mayın 29-da Qazaxıstanda keçirilən Avrasiya İqtisadi İttifaqı sammitindən sonra maraqlı bəyanatlar verib. Kremlin sahibi bildirib ki, Rusiyanın Avropa dövlətlərinə qarşı hərbi təhdid planı yoxdur. Eyni zamanda, onu da diqqətə çatdırıb ki, Ukrayna müharibəsində döyüş meydanındakı vəziyyət Rusiyanın xeyrinə dəyişir.

Moskva hesab edir ki, müharibə artıq son mərhələyə doğru irəliləyir, lakin bunun nə vaxt bitəcəyini söyləmək mümkün deyil.

Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu da “Ukrayna ssenarisi” ilə müqayisə edib.
Bir sözlə Putinin çıxışının əsas mesajı belə idi ki, zaman Rusiyanın xeyrinə işləyir və Moskva strateji səbir nümayiş etdirməklə məqsədlərinə yaxınlaşır.

Müharibənin sonu hara gedir?

İndiki gündə cavabı məlum olmayan əsas sual da budur.

Hazırda üç əsas ssenari görünür:

1.Ən real ssenari uzunmüddətli tükənmə müharibəsidir. Əksər hərbi analitiklər hesab edir ki, yaxın aylarda böyük strateji dönüş gözlənilmir. Rusiya insan resursu və hərbi istehsalda üstünlüyə malikdir. Ukrayna isə Qərbin texnologiyası və maliyyə dəstəyi hesabına müqaviməti davam etdirir. Bu səbəbdən cəbhə xətti böyük ölçüdə sabit qala bilər.

2.Danışıqlara məcbur edən vəziyyətdir.

Əgər Ukrayna hava müdafiəsini gücləndirə və Rusiyanın logistikasına daha ciddi zərbələr endirə bilsə, Moskva müəyyən mərhələdə danışıqlara daha açıq ola bilər. Zelenski də son müraciətlərində məhz bu arqumenti səsləndirir.

3.Eskalasiya hazırda ən təhlükəli variant kimi dəyərləndirilir. Həm Rusiya, həm də Ukrayna daha uzaq məsafələrə zərbə vurmağa başlayıb. Rumıniya ərazisinə düşən rus dronu və NATO ölkələrinin narahatlığı göstərir ki, səhv hesablamalar müharibəni daha geniş coğrafiyaya çıxara bilər.

Ümumi qiymətləndirmə etsək, bu günə olan mənzərədə nə Rusiyanın Ukraynanı tam məğlub etmək, nə də Ukraynanın bütün işğal olunmuş əraziləri yaxın vaxtda geri qaytarmaq imkanları real görünür. Rusiya cəbhədə yavaş-yavaş irəliləyir, Ukrayna isə texnologiya, dronlar və Qərb dəstəyi ilə bu irəliləyişin qiymətini artırmağa çalışır. Almaniyanın verdiyi yeni hava müdafiə sistemləri Ukraynanın müdafiəsini gücləndirəcək, lakin müharibənin taleyini təkbaşına dəyişməyəcək. Hazırkı tendensiyalar daha çox uzunmüddətli tükənmə müharibəsinin davam edəcəyinə işarə edir.

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR