Böyük Britaniya Kralı III Çarlz polisə qardaşı Endryu Mauntbatten-Vindzorun ölkənin xüsusi ticarət elçisi kimi fəaliyyəti ilə bağlı bütün sənədlərə, elektron poçtlara və hökumət sənədlərinə giriş imkanı verib.
Musavat.com xəbər verir ki, məlumatı "The Observer" qəzeti mənbələrə istinadən yayıb. "Biz hüquq-mühafizə orqanları ilə tam və səmimi əməkdaşlıq edəcəyimizi bildirmişik", - deyə kral ailəsindən bir mənbə qəzetə bildirib.
Keçmiş şahzadənin 2022-ci ilə qədər şəxsi ofisi və mənzilləri saxladığı Bukinqem Sarayının özündə axtarışların aparılıb-aparılmayacağı məlum deyil.
Qəzetin yazdığına görə, kral dairəsinin bəzi üzvləri Mountbatten-Vindzorun fəaliyyətinin araşdırılmasının monarxın Londondakı rəsmi iqamətgahındakı yüksək vəzifəli işçilərin keçmiş şahzadənin iddia edilən cinayətlərinin qəsdən ört-basdır edilməsində iştirakını aşkar edə biləcəyindən qorxurlar: "Əgər bu baş veribsə, bu, əvvəlki dövlət başçısının (II Yelizavetanın)-red. dövründə baş verib". Mənbə həmçinin qeyd edib ki, III Çarlz və taxt-tacın varisi Uels şahzadəsi Uilyam həmin vaxt belə qərarlar qəbul etmək iqtidarında deyildilər.
Mountbatten-Vindzor fevralın 19-da 66-cı doğum günündə həbs edilib və dindirilmək üçün polisə aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Temza Vadisi Polisi onun 2001-ci ildən 2011-ci ilə qədər Böyük Britaniyanın Beynəlxalq Ticarət və İnvestisiya üzrə Xüsusi Nümayəndəsi vəzifəsində çalışarkən məxfi məlumatları məhkum edilmiş pedofil amerikalı maliyyəçi Ceffri Epşteynə ötürdüyünə dair iddiaları araşdırır. Keçmiş şahzadə daha sonra ittiham irəli sürülmədən azadlığa buraxılıb və istintaq davam edir.
Musavat.com






