Rusiya tərəfi Arktika bölgəsində ABŞ-la əməkdaşlığa açıq olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Kremlin nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Moskva Vaşinqtonla birgə layihələrə hazırdır. O, daha əvvəl hətta Alyaska ilə Rusiya arasında qitələrarası tunelin tikintisinin mümkünlüyündən də danışmışdı.
Lakin bu açıqlama Rusiyanın illərdir cəmiyyətə təlqin etdiyi ideoloji xəttlə kəskin ziddiyyət təşkil edir.
Axı uzun illər boyu Kremlin rəsmi və qeyri-rəsmi təbliğatı ABŞ-ı Rusiyanın “ekzistensial düşməni”, “resursları ələ keçirmək istəyən imperiya”, məşhur “Dalles planı” çərçivəsində rusları mənəvi və fiziki cəhətdən məhv etməyə çalışan qüvvə kimi təqdim edib. Amerika obrazı “rusları McDonald’s-da kölə etməyi planlaşdıran” qlobal şər mərkəzi kimi cəmiyyətin şüuruna yeridilib.
İndi isə sual açıq qalır: Bu 30 illik düşmən narrativi bir gündə necə yoxa çıxdı?
Rəsmi Moskva hələ ki, bu ideoloji dönüşü cəmiyyətə izah etmir. Ancaq fakt ortadadır: dünən “şər imperiyası” adlandırılan ABŞ bu gün “hörmətli tərəfdaş”, birgə tunel və Arktika layihələrinin mümkün iştirakçısı kimi təqdim olunur.
Bu vəziyyət hətta Kremlin ən sadiq tərəfdarları üçün belə anlaşılmazdır. Çünki izah olunmayan “geosiyasi çeviklik” təbliğat maşınının özünü də çətin vəziyyətə salıb: əgər ABŞ doğrudan da Rusiyanın varlığına təhdiddirsə, bəs bu əməkdaşlıq nə üçündür?
Yox əgər təhlükə deyildisə, onda 30 il cəmiyyət niyə qorxu və nifrətlə qidalandırıldı?
Görünən odur ki, Kreml üçün ideologiya dəyişkəndir, amma bu dəyişikliklərin izahı hələlik yox.
Musavat.com






