Qrenlandiya ssenarisi Ukrayna presedentini legitimləşdirə bilər.
Musavat.com xəbər verir ki, Kreml ABŞ prezidenti Donald Tramp barədə diqqətçəkən açıqlama yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Tramp Qrenlandiyanı ələ keçirsə, təkcə ABŞ deyil, dünya tarixinə düşə bilər.
Peskovun sözlərinə görə, bu məsələni yaxşı və ya pis olmasından, beynəlxalq hüquqa uyğunluğundan kənara qoysaq belə, beynəlxalq ekspertlər Trampın Qrenlandiyanı ABŞ-a birləşdirməklə qlobal miqyasda tarixi fiqura çevriləcəyini düşünürlər. Kreml nümayəndəsi bu fikirlərlə razılaşmamağın çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl bir sıra analitiklər bildiriblər ki, Qrenlandiyanin güc yolu ilə ələ keçirilməsi presedenti formalaşarsa, bu addım faktiki olaraq Rusiyanın Ukraynaya qarşı ərazi iddialarının “leqallaşdırılması” kimi şərh oluna bilər. Belə bir ssenari beynəlxalq hüququn əsas prinsiplərinə ağır zərbə vurmaqla yanaşı, qlobal təhlükəsizlik balansını da kökündən sarsıda bilər.
Musavat.com






