Macarıstan ildə 0,4 milyard kubmetr Amerika mayeləşdirilmiş təbii qazı (LNG) almaq üçün beş illik müqavilə imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial media hesabında açıqlayıb: "Bu gün ildə 400 milyon kubmetr LNG üçün müqavilə imzalamaqla ABŞ-Macarıstan enerji əməkdaşlığında mühüm bir mərhələyə çatdıq. Bu o deməkdir ki, Macarıstana 2 milyard kubmetr Amerika LNG-si çatdırılacaq. Ən aşağı qiymətlər təmin edilə biləcəyi təqdirdə, mümkün qədər çox təchizatçıdan və mümkün qədər çox marşrutla enerji resursları almaqda maraqlıyıq".
Macarıstana qazı Chevron şirkəti satacaq.
Qeyd edək ki, ötən həftə Siyarto Macarıstanın MOL şirkəti ilə SOCAR arasında qaz alqı-satqısına dair müqavilə imzalandığına dair məlumat yayıb. Onun sosial hesabında yazdığına görə, iki illik müqaviləyə əsasən SOCAR Macarıstana 800 milyon kubmetr qaz satacaq.
Macarıstan hazırda qazın böyük hissəsini - ildə təxminən 8 milyard kubmetrini Rusiyadan alır. Qaz "TurkStream" boru kəməri ilə çatdırılır.
Musavat.com






