Avropa Ukraynadakı təcavüzü dayandırmaq cəhdləri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmas qurmağın yolunu tapmalı olacaq.
Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "Bloomberg"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ya hazırkı danışıqlar nəticəsində davamlı sülh əldə olunacaq, ya da Avropa “Ukrayna ilə tərəfdaşlıq və şəffaflıq prinsipləri əsasında Rusiya ilə yenidən dialoqa başlamağın yollarını tapacaq”.
Makron hesab edir ki, Putinlə danışmaq “faydalı ola bilər”.
Fransa prezidenti vurğulayıb ki, həm avropalılar, həm də ukraynalılar “müzakirələrin bərpası üçün düzgün çərçivə tapmaqda” maraqlıdırlar.
“Əks halda, biz öz aramızda danışıqlar aparacağıq, sonra isə bu danışıqları aparanlar gedib ruslarla özbaşına müzakirə edəcəklər. Bu isə ideal variant deyil”, – deyə Makron əlavə edib.
Qeyd edək ki, Makronla Putin arasında son məlum telefon danışığı 1 iyul tarixində baş tutub və iki saatdan çox davam edib. Ondan əvvəl liderlər 2022-ci ildə əlaqə saxlayıb. Makron həmin vaxt Rusiyanın dünyada “sabitliyə cavabdeh aktor” kimi rolunu müzakirə etmək istədiyini bildirib.
KİV-in yazdığına görə, Putinlə telefon danışığından sonra Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıb.
Elə həmin gün “The New York Times” qəzeti yazıb ki, liderlərin söhbəti, ehtimal ki, İran məsələsi ilə bağlı müəyyən anlaşmaya gətirib çıxarsa da, Ukrayna mövzusunda fikir ayrılıqlarını aradan qaldırmayıb.
Musavat.com






