İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mehdiyev və Abbasovun ifşası ilə Rusiyanın ayaqları buradan tam kəsilmədi” – GÜNDƏM söhbəti

1069 13.02.2026 14:26 Müsahibə A A

“İri məmur çevrələrində Rusiyaya rəğbəti olan, rusca düşünən kifayət qədər adamlar var”

“Bu sürətlə sülh prosesi daha çox İrəvanın maraqlarına uyğundur”.

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını bu dəfə Ağ Partiyanın başqanı Tural Abbaslı cavablandırıb. Onunla “Mehdiyev işi” və ilk dəfə azərbaycanlı nümayəndə heyətinin quru yolla Ermənistana getməsindən danışmışıq. Müsahibəni təqdim edirik:

- Tural bəy, Ramiz Mehdiyev və bu iş üzrə digər şəxslərlə bağlı yayılan rəsmi məlumatı necə qiymətləndirirsiniz?

- Nəhayət, 3-4 aydan sonra rəsmi məlumat verildi. İndiyə qədər rəsmi xəbər yox idi və bəzi şübhələr yaratmışdı, cəmiyyətdə müzakirələr gedirdi. Dünən rəsmi məlumatın yayılması ilə ictimaiyyətə müəyyən mənada aydınlıq gətirildi. Bu baxımdan müsbət dəyərləndirirəm. Ancaq mən daha çox şəffaflıq gözləyirəm. Yəni cəmiyyət bu iş üzrə daha çox məlumat istəyir, amma istintaq sirri anlayışı da var. Ona görə geniş izah verilməklə bəzi qaranlıq məqamlar da açıqlana bilər.

- Bu məlumatdan görünür ki, Mehdiyev Rusiyada olan bir qadınla telefon əlaqəsi saxlayıb, həmçinin bu ölkədə yaşayan Abbas Abbasovla işbirliyi olub. Sizcə, Rusiyanın Azərbaycandakı təsir imkanları sıfırlanırmı?

- O səs yazısında ünsiyyət forması rus dilidir. Ancaq rəsmi məlumatda Rusiyanın adı keçmir. Sadəcə, ehtimal olunur ki, Rusiyadır. Çünki rəsmi məlumatda hər hansı bir dövlətin adı çəkiləndə bu, həmin ölkənin səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına, nota verilməsinə, diplomatik gərginliyə səbəb olur. Ona görə də sadəcə, Rusiyaya bir eyham var. Ancaq deməzdim ki, Mehdiyev və Abbasovun ifşası ilə Rusiyanın buradan ayaqları tamamilə kəsildi. Yəni Rusiyanın “5-ci kolonu”nun təsirləri sıfırlanmayıb. Məsələn, bu işdə Rüstəm İbrahimbəyovun adı keçir. Amma Fəxri Xiyabanda dəfn olunub. Bu da sual doğurur ki, əgər çevriliş planında iştirakı olubsa, Fəxri Xiyabanda dəfninə niyə şərait yaradılıb? Eyni zamanda, Ramiz Mehdiyevin hələ də ordenləri, adları var və onlardan məhrum edilməyib. Ona görə də Rusiyanın Azərbaycandakı agenturasının tam ifşa edildiyini deməzdim. Məncə, iri məmur çevrələrində Rusiyaya rəğbəti olan, rusca düşünən kifayət qədər adamlar var.

- Son sualım günün hadisəsi ilə bağlıdır – Azərbaycandan nümayəndə heyəti ilk dəfə quru yolla Ermənistana gedib və orada “Sülh körpüsü” müzakirəsində iştirak edəcək. Sizcə, sülh prosesi sürətli gedirmi, yəni bu məsələdə tələskənlik varmı?

- Azərbaycanla Ermənistan arasında normallaşmanın sürətli getməsi maraqlarımıza uyğun deyil. Bu məsələdə qarşı tərəfin səmimiyyətsizliyi, tarixi yaddaş nəzərə alınmır. Bəzi kiçik nüanslar da var. Sadəcə, Ermənistan düşdüyü vəziyyətdən irəli gələrək Azərbaycanla yaxınlaşmağa razılıq verib. Amma Bakı İrəvandan fərqli olaraq, daha səmimi şəkildə sülh prosesinə yanaşır. Bu məsələdə iki detalı qeyd edəcəyəm: birincisi, Qış Olimpiadasında erməni idmançılar "artsax" adlı musiqi sədaları altında yarışa çıxdılar. İndi kim bizi inandıra bilər ki, Ermənistan Olimpiya Komitəsinin və Paşinyanın bundan qabaqcadan xəbəri olmayıb? Mümkün deyil. Deməli, sülh məsələsində səmimiyyətsizlik var. Sizcə, Azərbaycanda dövlətin nəzarətindən kənar idman yarışında hansısa bir addım atıla bilərdimi?

Deməli, Paşinyan səmimi deyil və mesaj verir ki, Ermənistanı ağır vəziyyətdən çıxarandan sonra yenə ərazi iddiası irəli sürəcək, “artsax” məsələsi gündəmə gələcək. İkinci nüans budur ki, vitse-prezident Vens gələndə protokola qondarma soyqırımı “abidə”sini ziyarət salınmışdı. Bu “abidə” Türkiyəyə qarşı genosid ittihamıdır. Amma İrəvan həm Ankara ilə yaxınlaşmaq, quru sərhədləri açmaq istəyir, həm də saxta soyqırımı iddiasından əl çəkmir. Yəni Ermənistan bu prosesdə də səmimi deyil. Ona görə də şəxsi fikrim budur ki, bu sürətlə sülh prosesi daha çox İrəvanın maraqlarına uyğundur. Eyni zamanda, ABŞ Ermənistana kəşfiyyat dronları verəcək. Bəs bu PUA-lar hansı tərəfə qarşı istifadə olunacaq? Deməli, məqsəd odur ki, güc balansını bərpa etsinlər. Vaxtilə Rusiya Azərbaycana qarşı Ermənistana milyardlıq silahları pulsuz verirdi, indi eyni addımları ABŞ atır. Fakt budur ki, bizimlə xartiya imzalanır, amma İrəvana 11 milyonluq dron verilir. Ona görə də sual yaranır ki, sülh daha çox hansı tərəfə yarayır...

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR