İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhsətini bar obrazına çevirən film: Əbülfəz Qarayevin kölgəsi altında mədəniyyətə HÜCUM

1691 04.12.2025 19:34 Ölkə A A

Sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi “Məhsəti” adlı qısametrajlı filmin Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılması sadəcə texniki prosedur deyil. Bu qərar cəmiyyətin gec də olsa göstərdiyi mədəni refleks, milli yaddaşın instinktiv müdafiəsi kimi qiymətləndirilə bilər. Çünki söhbət sıradan bir kinotəcrübədən deyil, Azərbaycan mədəniyyətinə qarşı açıq-aydın hörmətsizlikdən, milli dəyərlərin məqsədli şəkildə alçaldılmasından gedir.

Filmdə təqdim olunan obraz tarixi şəxsiyyətin ekran təcəssümü yox, onun bilərəkdən eybəcərləşdirilmiş, təhrif olunmuş parodiyasıdır. Məhsəti Gəncəvi ekranda böyük şairə, müdrik fikir adamı, qadın intellektinin və üsyankar ruhun simvolu kimi yox, sosial stereotiplərin ucuz dekorasiyasına çevrilir. Sənət adı altında təqdim olunan bu tablo əslində ictimai yaddaşa edilən hücumdur. Orta əsrlərin ən parlaq qadın simalarından birinin XXI əsrin məişət çərçivələri ilə eyniləşdirilməsi açıq təhrifdir. Daha acısı, bu “eksperiment” UNESCO tərəfindən dünya mədəni irsinin daşıyıcısı kimi tanınan bir şəxsiyyətin adına qarşı edilir. Bəşəriyyət miqyasında qəbul olunmuş bu dəyərin bir müəllif kaprizi ilə kiçildilməsi, yaradıcılıq yox, mədəni vandalizmdir.

Məhsəti_Gəncəvi_portreti.jpg (22 KB)

Filmdəki səhnələr, vizual dil, seçilmiş obrazlar və alt mətndə gizlədilən mesajlar göstərir ki, məqsəd estetik axtarışdan çox təxribatdır. Elə buna görə də film festival proqramından çıxarıldı – çünki belə material nə festivalın ruhuna, nə də cəmiyyətin mədəni immunitetinə uyğun gəlirdi.

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurasının üzvü Şeyx Əbdül Mahmudovun dediyi kimi Məhsəti Gəncəvi təkcə rübai ustası deyil, həm də Şərqin ilk qadın şahmat ustalarından biri, Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən, dövlət məsləhət şuralarında söz sahibi olan böyük zəkadır:

“Bu gün bir çoxlarının adını belə çəkmədiyi, haqqında kifayət qədər araşdırma aparmadığı Məhsəti Gəncəvi, əslində, dünyada analoqu olmayan bir şəxsiyyətdir. O, yalnız poeziyamızın parlaq siması deyil, həm də böyük intellekt sahibi, yüksək mədəniyyət daşıyıcısı, nüfuzlu dövlət qadını, ailəsinə sədaqətli, mənəviyyatı uca bir şəxsiyyət kimi tariximizdə özünəməxsus yer tutur.

Məhsəti Gəncəvi nəhəngdir, həm düşüncəsi ilə, həm yaradıcılığı ilə, həm də qadın olaraq göstərdiyi cəsarəti və iradəsi ilə. Başqa ölkələr tarixlərini uydurma qəhrəmanlarla, saxtalaşdırılmış obrazlarla doldurur, çatlarını palçıqla örtüb özlərinə “şanlı tarix” yaradırlar. Biz isə əksinə, öz tarixi şəxsiyyətlərimizi qorumaq əvəzinə, onlara yaraşmayan münasibətlə, ucuz interpretasiyalarla, səviyyəsiz yanaşmalarla yaddaşımıza zərbə vururuq”, - rejissor deyir.

esasss_(1).jpg (114 KB)


Suad Qarayevanın adı isə cəmiyyətə çoxdan tanışdır. O, illərdir mediada qalmaqallar, təxribat xarakterli çıxışlar, dəbdəbəli həyat tərzi və səs-küylü davranışlarla gündəmə gəlib. Onun mədəniyyət adamı kimi deyil, qalmaqal simvolu kimi yadda qalması təsadüfi deyil. İndi isə bu imic kino adı altında milli-mədəni irsin üzərinə yürüyür.

Məsələnin təkcə şəxsi yaradıcılıq cəhdi kimi təqdim edilməsi sadəlövhlük olardı. Burada kök birbaşa Qarayevlər ailəsinin illərlə topladığı “mədəniyyət mirasına” gedib çıxır. Əbülfəz Qarayevin nazir olduğu dövr cəmiyyət tərəfindən sistemli tənəzzül mərhələsi kimi xatırlanır. O illər mədəniyyət adı altında korrupsiya sxemlərinin, qeyri-şəffaf bölgülərin, dağıdılan institutların tarixidir.

ebulfez.jpg (24 KB)

Mediada dəfələrlə yazılıb ki, həmin dövrdə mədəniyyət üçün ayrılan vəsaitlərin böyük hissəsi layihələrə yox, şəxsi imperiyalara sərf olunub. Xalqın mədəniyyətinə aid pulların xaricdəki firmalara, ofşor ünvanlara, lüks obyektlərə yönəldilməsi, müxtəlif ölkələrdə yaradılan şirkətlər və kölgəli maliyyə şəbəkələri artıq şayiə yox, araşdırmalarla təsdiqlənən reallıqdır.

85828.jpg (39 KB)


Ən təhlükəlisi isə pulun yox, mədəniyyətin oğurlanmasıdır. Pul bərpa olunur, amma mədəniyyət itiriləndə millət yaddaşını itirir. Bu gün müzakirə olunan film də həmin itkinin davamı təsiri yaradır. Dünən muzeylərdən əsərlərin itməsindən danışırdıq, bu gün tarixdən silinən simvolik şəxsiyyətlərlə üz-üzəyik. Bu, təsadüf yox, ardıcıl xətdir.

Əbülfəz Qarayevin uzun müddət “toxunulmaz” qalmasının siyasi səbəbləri də hamıya məlumdur. Onu müəyyən qrupların himayə etməsi, arxa qapı dəstəkləri ictimai sirr sayılırdı. Lakin zaman dəyişdi, siyasi strukturlarda aparılan təmizlənmə Qarayev epoxasının da sonunu gətirdi. Amma görünür, həmin dövrün mədəniyyətə buraxdığı zəhərli izlər hələ də qalır. İndi bu izlər qızının filmi vasitəsilə yenidən gündəmə qayıdır.

Artıq söhbət filmdən yox, milli dəyərlərin müdafiəsindən gedir. Azərbaycan cəmiyyəti haqlı olaraq tələb edir ki, bu məsələ emosional qınaqla yox, hüquqi müstəvidə qiymətləndirilsin. Tarixi şəxsiyyətlərin məqsədli şəkildə alçaldılması, milli dəyərlərin təhrif edilməsi fikir azadlığı deyil, milli təhlükəsizlik məsələsidir.

Bu hadisə bir daha göstərdi ki, mədəniyyət yalnız estetika deyil, həm də ideologiyanın əsas sütunudur. Tarixi, kimliyi, mədəni yaddaşı qorumaq zövq yox, vətəndaşlıq borcudur.

Nuray Əlizadə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR