İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mən knyaz Vladimir deyiləm"– Zelenskidən Polşa prezidentinə sərt və ittihamedici cavab

1014 22.06.2026 12:43 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski "TSN" telekanalına verdiyi geniş müsahibəsində son günlər Polşa ilə yaşanan kəskin diplomatik böhrana və orden qalmaqalına toxunaraq, Varşavanın mövqeyini sərt dillə tənqid edib.

Musavat.com xəbər verir ki, Zelenski Prezident Ofisinin rəhbəri Kirilo Budanov və onun müavini İhor Kisliçanın yaranmış gərginliyi yerindəcə həll etmək üçün Varşaya gizli səfər etdiklərini açıqlayıb. Ukrayna lideri özünün bu səfərə ilkin olaraq fərqli yanaşdığını etiraf edib:

"Mən əvvəlcədən bu addımın mənası olmadığını düşünürdüm, çünki problem tamamilə siyasi xarakter daşıyır. Polşa Prezidenti Karol Navrotski rəhbərlik etdiyi siyasi qüvvənin 2027-ci il seçkilərində baş nazir postunu qazanmasını istəyir və buna görə bu mövzunu qabardır. Buna baxmayaraq, uşaqlar getdilər, hər kəslə – həm prezident dəftərxanası, həm də baş nazir və spikerin komandaları ilə danışdılar. Əllərindən gələni etdilər, lakin geri qayıdanda mənə dedilər: 'Cənab Prezident, siz haqlı idiniz. Onların bu addımı (ordenin ləğvini) atacağını hiss edirik, bu, sadəcə zaman məsələsidir'. Bax, prinsip etibarilə hər şey belə oldu".

Zelenski şəxsən özünün Polşa prezidenti Navrotskiyə görüş təklif etdiyini, lakin Varşavanın buna cavab olaraq açıq şəkildə "Ukraynanın Avropada yeri yoxdur, çünki bu, polşalı fermerlərin maraqlarına zərbə vurur" bəyanatını səsləndirdiyini bildirib. Ukrayna dövlət başçısının sözlərinə görə, polşalı həmkarı Kiyevin hazırda Polşaya kütləvi şəkildə kənd təsərrüfatı məhsulları ixrac etmədiyini tamamilə anlamadan belə populist çıxışlar edir və bu bəyanatlar sadəcə seçki reytinqlərini artırmaq üçün cəmiyyəti qızışdırmağa hesablanıb.

Polşa tərəfinin tarixi məsələləri gündəmə gətirməsinə də toxunan Zelenski çıxışını bu kəskin sözlərlə tamamlayıb: "Bağışlayın, amma mən Volodimir Zelenskiyəm, knyaz Vladimir deyiləm. Biz hazırda keçmişin böyük tarixi şəxsiyyətlərindən danışmırıq. Mən hazırda fəaliyyətdə olan prezidentəm və bu gün öz dövlətimizin maraqlarını qoruyuram. Biz xalqlar arasındakı dostluq haqqında düşünməliyik. Karol isə sadəcə bir addır, ömürlük vəzifə deyil. Onlarda monarxiya yox, demokratiyadır. Ona görə də bu gün bütün Avropanı, o cümlədən Polşanın özünü müdafiə edən Ukrayna ilə normal münasibətlər qurmaq lazımdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR