“Biz əmin deyilik ki, həmin ləkə qardaşımın məzarı üzərinə yenidən düşməyəcək. Ləkə məhlulla təmizlənib, doğrudur, amma yağış yağan kimi yenidən yaranacaq. Ona görə də istəyirik ki, qadaşımın məzarüstü şəkli və üzərindəki yazılar ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənsin”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun bacısı Kəmalə Haşımova deyib.
O bildirib ki, ailəsi məzarlıqdan götürülən bayraqların bərpa edilməsini istəyir:
“Poladın məzarının üstündə bayraqlarımız var idi. Şəhidlər həmin bayrağa bükülüb gətirilmişdi. Ümumiyyətlə, bütün şəhid məzarlarının üzərində bayraqlar var idi. İndi o bayraqların heç biri yoxdur, yığışdırılıb. Biz istərdik ki, o bayraqlar bərpa edilsin”.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun məzar daşı üzərində ləkə yaranmışdı. Bakı Abadlıq Xidmətindən bildirilib ki, Xidmət operativ şəkildə tədbir görüb, qəbirüstü abidələrin hazırlanmasında iştirak etmiş usta əraziyə cəlb edilib. Qeyd olunan nöqsan aradan qaldırılıb.

Şahanə Rəhimli,
Musavat.com






