Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar bu gün parlamentin iclasında Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması, Milli Məclisin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulması, Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması barədə Qərar qəbul edildi.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycan Milli Məclisinin Qərarı tamamilə haqlıdır və əsaslndırılmış qərardır.:“Əvvəla, Avropa Parlamenti ilk dəfə deyil Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr imperativ deyil. Tövsiyə xarakterlidir. Avropa Parlamenti siyasiləşmiş və korrupsiyalaşmış məmurlar tərəfindən idarə olunur. Məlumdur ki, bu qurumun rəhbərliyində korrupsiyaya və rüşvətxorluğa yol verdiklərinə görə barələrində cinayət işi də açılmış şəxslər var. Onların qəbul etdiyi hansısa qətnamələrin də qəbul edilməsində Azərbaycana qarşı düşmən olan qüvvələrin verdikləri rüşvətin rol oynadığı və bu cür qətnamələrin qərəzli olduğu heç kimdə şübhə yaratmır. Erməni lobbisinin təsiri altında fəaliyyət göstərən şəxslərin qəbul etdiyi qətnamə Azərbaycana qarşı düşmənçiliyə şərik olmaqdır. Ona görə də Azərbaycan Milli Məclisi bu gün çox düzgün və əsaslandırılmış şəkildə Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırmaq barədə qərar qəbul etdi”.
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan qətiyyətli, müstəqil dövlətdir və öz maraqları əleyhinə olan qərəzli fəaliyyətə, qərəzli addımlara göz yuma bilməzdi. Avropa Parlamentinə cavabımız tamamilə düzgün qərardır.
Etibar Seyidağa,
Musavat.com






