İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupu gorbagor oldu - İrəvandan son gözlənti

801 02.12.2025 12:13 Ölkə A A

Elçin Mirzəbəyli: “Konstitusiya dəyişməli, kənar hərbi-siyasi missiyalar bölgədən çıxarılmalıdır”

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. Qurumun bu barədə yaydığı bəyanatda bildirilir: “Bütün lazım olan inzibati prosedurların tamamlanması ilə Minsk Qrupunun bağlanması prosesi yekunlaşır. Bu proses avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müştərək deklarasiyanın nəticəsi olaraq ATƏT-in üzvü olan 57 ölkənin sentyabrın 1-də əldə etdiyi konsensusu həyata keçirdi”.

Beləliklə, ATƏT Minsk prosesi ilə bağlı bütün strukturların fəaliyyətinin tam dayandırıldığını açıqlayıb. Musavat.com xəbər verir ki, bu qərar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Finlandiya sədrlik institutu tərəfindən hazırlanıb və Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı əsasında icra olunub. Təşkilatın bəyanatında bildirilir ki, Minsk prosesi və ona bağlı qurumların bağlanması ilə ATƏT çərçivəsində uzun illər mövcud olmuş mexanizm tarixə qovuşur. Bu qərar Qarabağ münaqişəsinin artıq tamamlanmış hesab edilməsi fonunda atılıb və prosesin formal olaraq da sona çatdırıldığını təsdiqləyir.

ATƏT xatırladıb ki, bu addım 8 avqust 2025-də Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Tarixi Birgə Bəyannamənin məntiqi davamıdır. Bəyannamə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə təsdiqlənmişdi və iki ölkə arasında yeni siyasi reallığın formalaşmasına gətirmişdi.

Minsk prosesinin bağlanması ilə ATƏT-də Qarabağ münaqişəsi üzrə ayrıca mexanizmə ehtiyac rəsmi şəkildə aradan qalxmış sayılır. Qurum öz açıqlamasında həm Azərbaycan, həm də Ermənistan tərəfindən konsensusla verilən qərarı regionda sülh prosesinin yeni mərhələsinə keçid kimi qiymətləndirib.

Xatırladaq ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Beləliklə, Azərbaycanın rəsmi İrəvan qarşısında qoyduğu daha bir “ev tapşırığı”na əməl olundu. Ermənistan uzun süründürməçilikdən sonra olsa da, Azərbaycanla birgə quruma Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etdi və noyabrın 30-dan 1 dekabra keçən gecə qurum tərəfindən son qərar verildi.

Amma rəsmi İrəvanın qarşısında digər məsələlər var: xüsusilə də ölkəmizə, o cümlədən qardaş Türkiyəyə qarşı ərazi iddialarının əksini tapdığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, əks təqdirdə, sülh sazişinin imzalanmasının mənası olmayacaq. Digər tərəfdən, Aİ-nin Ermənistandakı missiyasından imtina barədə də irəli sürülən tələb var. Bəs Minsk Qrupundan imtinanın ardınca Ermənistan yaxın vaxtlarda bu məsələlərlə bağlı addımlar atacaqmı, yoxsa müxtəlif bəhanələrlə prosesi uzatmağa meyl edəcək?

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkəmiz Minsk Qrupu ilə bağlı hədəfinə nail olmaqla, postmünaqişə mərhələsində diplomatik gündəliyin ən mühüm elementlərindən birinə nida qoyub: “Bu, təkcə simvolik qərar deyil, eyni zamanda Azərbaycanın bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması və proseslərin yalnız ikitərəfli, regional əsasda həllinə üstünlük verilməsi istiqamətindəki siyasətində əldə etdiyi mühüm nəticədir. ATƏT-in Minsk prosesi və ona bağlı strukturların rəsmi şəkildə ləğvi 30 ilə yaxın davam etmiş, nəticəsiz vasitəçilik modelinin hüquqi və siyasi cəhətdən tarixə çevrilməsi deməkdir. Bu, Bakının 2020-ci ildən bəri ardıcıl tələb etdiyi, sülh prosesində yeni reallıqların tanınmasının beynəlxalq təsdiqi kimi dəyərləndirilə bilər”.

Millət vəkili qeyd etdi ki, Minsk Qrupunun ləğvi ilə bağlı tələbin Ermənistan tərəfindən uzun süründürməçilikdən sonra qəbul edilməsi iki məqamı göstərir: “Birincisi, İrəvan artıq əvvəlki vasitəçilik formatlarının bərpasının mümkün olmadığını anlayır; ikincisi, Ermənistanın regional proseslərdən tam təcrid vəziyyətində qalmaqdan çəkinməsi onu Bakının irəli sürdüyü şərtlərə uyğun davranmağa vadar edir. Bu kontekstdə Minsk Qrupunun bağlanması faktı Azərbaycanın diplomatik üstünlüyünün daha bir təsdiqidir. Azərbaycan həm Vyana, həm Brüssel, həm Moskva, həm də Vaşinqton xətti üzrə aparılan müzakirələrdə münaqişənin artıq bitməsi, vasitəçilik mexanizmlərinin isə yeni reallıqlara uyğun olaraq yenidən qurulması xəttini davamlı və prinsipial şəkildə müdafiə edib. Nəticədə 57 ölkənin konsensusla qərar qəbul etməsi Azərbaycanın mövqeyinin legitimliyi və beynəlxalq müstəvidə qəbul olunduğunu göstərir”.

E.Mirzəbəyli hesab edir ki, bundan sonrakı mərhələ Ermənistan qarşısında qoyulmuş digər “ev tapşırıqları”nın icrası ilə bağlı olacaq: “Burada iki əsas istiqamət xüsusi əhəmiyyət daşıyır. Birincisi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarına son verilməsi. Ermənistan Konstitusiyasının preambulasında və bəzi maddələrində "Dağlıq Qarabağ"la bağlı iddiaların hələ də mövcudluğu sülh sazişi ilə bir araya sığmır. Prezident İlham Əliyevin “əks halda, sülh sazişinin mənası olmayacaq” bəyanatı Azərbaycanın bu məsələdə güzəştə getməyəcəyini nümayiş etdirir. Ermənistanın bu addımı atması sülh müqaviləsinin imzalanması üçün baza şərtlərdən biridir və bunun gecikdirilməsi prosesin yenidən dalana dirənməsi riskini yaradacaq. İkincisi, Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələdir. Azərbaycan bu missiyanı bölgədə geosiyasi balansı pozan, Ermənistanın təhlükəsizlik təfəkkürünü Qərbə doğru birtərəfli şəkildə yönəldən və ən əsası, regionda sərhəd məsələlərinin həlli prosesinə kənar müdaxilə yaradan mexanizm kimi dəyərləndirir. Bakı açıq şəkildə bildirib ki, əgər Ermənistan sülh müqaviləsini imzalamaqda həqiqətən maraqlıdırsa, bu missiyanın davam etməsi məqsədəuyğun deyil. Həmçinin Ermənistanın Aİ missiyasına ehtiyac duyduğunu göstərməsi əslində sülhün daxili deyil, üçüncü tərəflərin iştirakı ilə mümkün olacağına dair yanlış imic yaradır və regiondakı prosesləri süni şəkildə uzadır".

Milli Məclis üzvü qeyd etdi ki, Ermənistanın bu addımları yaxın vaxtlarda atıb-atmayacağı bir neçə amildən asılı olacaq: “Paşinyan hökuməti daxili siyasi müqavimətlə üzləşsə də, həm Vaşinqton razılaşması, həm də bölgədə alternativ təhlükəsizlik mexanizmlərinin olmaması onu Azərbaycanla razılaşmalar çərçivəsində irəliləməyə məcbur edir. Ermənistanın iqtisadi tənəzzül, miqrasiya böhranı və təhlükəsizlik vakuumu fonunda əlavə gərginlik yaşamaq potensialı yoxdur. Bu da göstərir ki, konstitusiya dəyişiklikləri və Aİ missiyasına dair qərarlar gec-tez gündəmə gələcək. Məsələ onların nə dərəcədə tez və real siyasi iradə ilə icra olunacağındadır. Nəticə etibarilə, Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik platformalarının birində daha bir hədəfinə çatdığını göstərir və sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ermənistanın qarşıdakı addımları isə həm sülh müqaviləsinin taleyini, həm də regionun uzunmüddətli təhlükəsizlik arxitekturasının formalaşmasını müəyyən edəcək. Bakı üçün strateji hədəf aydındır. Ərazi iddiaları tam və geridönməz şəkildə ləğv edilməli, sərhədlərin dəqiqləşdirilməsi istiqamətindəki proses sürətlənməli və kənar hərbi-siyasi missiyalar bölgədən çıxarılmalıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR