Hakimiyyəti itirdikdən sonra Suriya diktatoru Bəşər Əsəd onu uzun illər himayə etmiş Vladimir Putin üçün artıq maraqsız fiqura çevrilib.
Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” maraqlı yazı dərc edib.
Yazı müəllifinin qeyd etdiyinə görə, Əsəd hazırda Moskvada Rublyovkada yerləşən malikanədə qapalı həyat tərzi sürür və orada devrilmiş başqa bir prezident - Viktor Yanukoviçlə qarşılaşa bilər. Onun ailəsi BƏƏ-yə köçməyi planlaşdırsa da, yüz minlərlə həmvətəninin ölümünə görə məsuliyyət daşıyan bir şəxsi orada da qəbul etmək istəməyiblər.
Əsəd ailəsi hakimiyyəti itirməzdən əvvəl sərvətinin əhəmiyyətli hissəsini Rusiyaya köçürüb. Hazırda onlar Rublyovkada yaşayır, evi lüks əşyalarla bəzəyir, elit mağazalardan geyimlər alırlar. Lakin Rusiya cəmiyyətində özlərinə yer tapa bilməyiblər.
Bəşər Əsədin qızı Zeyn bu yay Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və məzun gecəsində (Əsədin özü iştirak etməsə də) ailə üzvləri il ərzində ilk dəfə bir yerdə görüntülənib.
Məlumata görə, Bəşər Əsəd rus dilini öyrənir və oftalmologiya üzrə kurslarda iştirak edir. O, göz həkimi ixtisasını vaxtilə Londonda alıb.
“Bu onun həvəsidir, pula ehtiyacı yoxdur. Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Dəməşqdə praktiki oftalmoloq kimi çalışırdı”, - deyə Əsəd ailəsinin dostu bildirib və ehtimal edib ki, onun gələcək pasiyentləri Moskvanın imkanlı elitasının nümayəndələri ola bilər.
Əsədin hakimiyyətdə qalması üçün ona hərbi dəstək verən Putin isə onu faktiki olaraq unudub. Kremlə yaxın mənbənin sözlərinə görə, keçmiş diktator nə Putin, nə də Rusiya siyasi elitası üçün maraqlıdır:
“Putin hakimiyyəti itirən liderlərə dözmür. Əsəd artıq nə təsirli fiqur sayılır, nə də axşam yeməyinə dəvət ediləcək maraqlı qonaqdır”.
Musavat.com






