İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin yeni iş saatı narazılıq doğurdu - reaksiyalar

3082 18.11.2025 11:39 Təhsil A A

Elm və təhsil nazirinin son təklifi “repetitorluğun məhv edilməsi” kimi qiymətləndirilir - ekspertlərdən çağırış

Müəllimlərin iş rejimi ilə bağlı yeni təkliflər təhsil sektorunda ciddi narazılıq yaradıb. Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında çıxışı zamanı məktəblərdə yeni modelin tətbiqinə başlanacağını deyib. Onun sözlərinə görə, bu model yalnız sertifikasiyada yüksək bal toplayan müəllimlər üçün nəzərdə tutulur və tamamilə könüllü olacaq. Belə müəllimlərin həftəlik dərs yükü 18-24 saat təşkil edəcək, qalan vaxt isə metodik hazırlıq, fərdi məşğələlər və layihələrə həsr olunacaq. Qalan müəllimlər isə əvvəlki kimi saat hesabı ilə işləyə biləcəklər.

Nazirin açıqlaması sosial şəbəkələrdə dərhal geniş müzakirəyə səbəb oldu. Bir çox istifadəçi bu yeniliyi “repetitorluğun məhv edilməsi üçün dolayısı addım” kimi qiymətləndirdi. Müəllimlərin böyük hissəsi isə modellə bağlı narahatlığını açıq şəkildə ifadə edir. Onların fikrincə, hazırkı əməkhaqqı sistemi dəyişmədiyi halda, müəllimin məktəbdə əlavə saatlarla qalmasının real qarşılığı olmayacaq.

Cahid İmanlı: "Əksər universitetin praktika təcrübəsi sıfıra bərabərdir" |  tehsil365.news

 Cahid İmanlı 

Təhsil eksperti Cahid İmanlı vəziyyəti şərh edərkən bildirib ki, müəllimlərin daimi iş yükünə keçirilməsi nəzəri baxımdan müsbət görünür, lakin praktiki olaraq ciddi problemlər doğuracaq. Onun sözlərinə görə, müəllimlərin məktəbdən dərhal ayrılmasının əsas səbəbi aylıq maaşın real yaşayış xərclərini qarşılaya bilməməsidir: "Müəllimin aldığı əməkhaqqı bəzən onun ailə büdcəsinin 30 faizini belə ödəmir və nəticədə müəllim əlavə qazanc axtarmağa məcbur olur. Belə olan halda yeni modelin tətbiqi daha çox müəllimin peşəni tərk etməsi ilə nəticələnə bilər".

Ekspertin diqqət çəkdiyi digər mühüm məsələ məktəblərin infrastrukturu ilə bağlıdır. Hazırda ölkədəki məktəblərin böyük əksəriyyətində müəllimlərin günün ikinci yarısını səmərəli keçirə biləcəyi şərait yoxdur. Yeməkxana, istirahət zonası, fərdi iş kabineti, metodik otaqlar, kompüter təminatı və sürətli internet bir çox təhsil müəssisəsində ya ümumiyyətlə mövcud deyil, ya da məhduddur. Belə şəraitdə müəllimin əlavə saatlarla məktəbdə qalması yalnız formal xarakter daşıyacaq və real pedaqoji nəticə verməyəcək.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu model qəbul edildiyi təqdirdə, məktəblərdə ixtisaslı kadr çatışmazlığı daha da dərinləşə bilər. Çünki maaş artımı və sosial təminat olmadan iş saatının artırılması təhsili cazibədar sahə olmaqdan çıxaracaq. Bu isə uzunmüddətli perspektivdə həm tədrisin keyfiyyətinə, həm də ümumi təhsil mühitinə mənfi təsir göstərəcək.

Təhsil sistemində dəyişikliklərin zəruriliyi danılmazdır, lakin mütəxəssislər hesab edir ki, bu dəyişikliklər real şərait, mövcud maddi-texniki baza və müəllimlərin sosial vəziyyəti nəzərə alınmadan həyata keçirilərsə, nəticə gözləniləndən tam əks istiqamətə gedə bilər. Yeni modelin taleyi isə hələlik həm müəllimlərin reaksiyasından, həm də hökumətin təklifləri nə dərəcədə yenidən nəzərdən keçirəcəyindən asılı olacaq.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, nazirliyin sözügedən yeni qərarı təhsil müəssisələrinin tabeliyində şagirdlərə əlavə hazırlıqların keçilməsinə səbəb ola bilər. Onun sözlərinə görə, repetitorluqla məşğul olan müəllimlər bu prosesə qarşı çıxırlar: “Çünki bu qərar qəbul olunarsa, birbaşa repetitorluğa ciddi təsir göstərəcək. Nazirlik də açıq-aşkar ortalığa fakt qoyaraq bildirir ki, əgər müəlllim məktəbə gəlib 5-6 saat dərs deyirsə və qalan vaxtını repetitorluğa həsr edirsə, zəhmət olmasa, gedib o işlə məşğul olsun. İmkan versin ki, o 5-6 saatlıq dərsi məktəbdə müəllim peşəsini sevən, bu peşəyə hörmətlə yanaşan şəxslərə təqdim edək. Nəticədə onların dərs saatı normal olsun və maaşları qalxsın. Hazırda bəzi müəllimlər 5-6 saatlıq dərs götürür və günün ikinci yarısı isə başqa işlə məşğul olur. 5-6 saat dərs deyən müəllimin əməkhaqqı əlbəttə ki, az olacaq. Belə olan halda bu cür məllimlərin məktəbdə işləməkdə məqsədi nə ola bilər? Məqsəd odur ki, dərs dediyi uşaqların heç olmasa bir neçəsini repetitorluğa cəlb etsin. Digər tərəfdən isə bilir ki, rəsmi bir iş yeri var və bunun üçün DSMF-də kapitalı yığılır. Ona görə də bu prosesə qarşı çıxanların böyük əksəriyyəti demək olar ki, həmin müəllimlərdir. Nazirlik illərdir - 1997-1998-ci illərdən bu günə qədər davam edən prosesə nəzər salsaq, görərik ki, repetitorluğun tüğyan etdiyi bir dövrdür. Hər kəs bilir ki, ailələr ən axrıncı pulunu repetitora verir. Buna görə də nazirlik adekvat qərarlar qəbul etmək istəyir. Əgər biz müasir standartlara cavab verən təhsil formalaşdırmaq istəyiriksə, o zaman bu təhsilin bərqərar olması üçün lazım olan tədbirlər görüləcək. MDB məkanında hələ də köhnə, sovet təfəkkürlü təhsil sistemi hökmranlığını sürür. Lakin biz uzun müddət bu üsulla təhsili davam etdirə bilmərik. Sinqapurun, Finlandiyanın təhsil modellərindən nələrisə götürüb tətbiq etmək olar. Bu tətbiqlər də Azərbaycan təhsilinin Avropa təhsil sisteminə daha da inteqrasiya olunmasını dəstəkləyir. Bir sözlə, bu qərar müəllimlərin tam ştatla təhsil müəssisəsində işləməsini önə çıxarır. Repetitorluqla məşğul olanlar bu prosesdən kənarda qalacaqlar. Tam ştatla dərs deyəcək müəllimlərin isə ayrıca otağı olmalı, pulsuz qida ilə təmin olunmalı, onlara yüksək əmək haqqı, fərdi kompüter verilməli, dövlət qulluqçusu, yaxud da buna bərabər status daşımalıdır.  Bütün bunlar olduğu halda qərar müsbət məqamlarla xarakterizə olunacaq və təhsilə böyük töhfələr verəcək”.

Ekspert bildirir ki, hazırda ölkədə 4400-dən çox təhsil müəssisəsi mövcuddur. Onun sözlərinə görə, təxminən 3 minə yaxın məktəbdə bu qərarı təbiq etmək mümkün olacaq: “Qalan digər təhsil müəssisələri, xüsusi ilə də ucqar bölgələrin məktəblərinin sayı azalacaq və ya bəziləri bağlanacaq. Çünki şagird sayı təbii artımla əlaqəli olaraq, azalır. Rayonlarda elə məktəb var ki, onun 2 şagirdi var. Bu nöqteyi-nəzərdən təhsil müəssisələrinin sayını azaldıb, onların balansından istifadə edərək digər məktəbləri inkişaf etdirmək mümkün olacaq. Təbii ki, bunun üçün zaman lazımdır.

Xatirinizdədirsə, sertifikasiya prosesi başlayan zaman hər kəs xaotik fikirdə idi. Lakin sertifikasiya olandan sonra hamı qəbul etdi ki, əslində bu yaxşı bir şeydir. Uyğun müəllimlər təhsildə qaldı və onların əməkhaqları artdı. Bu qərar da 3-4 ildən sonra öz müsbət tərəflərini göstərəcək. Doğrudur, burada könüllülük prinsipi tətbiq olunacaq. Məsələn, musiqi müəlliminin həftə ərzində 5 saat dərsi varsa, o, niyə saat 6-ya kimi məktəbdə olsun ki. Yəni seçim imkanları tanınacaq. Lakin proses ümumilikdə repetitorluqdan asılılığın qarşısının alınmasında atılan addımlardan biridir. Lakin saat 6-ya kimi işləyən müəllimlərin maaşı indikindən çox olacaq.

Bəzi müəllimlər var ki, onlar auditoriyada şagirdə bilik ötürməyə o qədər də həvəsli deyillər. Onlar şagirdi asılı vəziyyətə salmağa və yanına hazırlığa çağırmağa meyillidirlər. Bizim məqsədimiz isə odur ki, o tip müəllimləri prosesdən kənarlaşdıraq. Doğrudur, yeni qərar repetitorluğu aradan qaldırmayacaq, ancaq təhsil müəssisəsindən uzaq tutacaq. Ümumiyyətlə, repetitorluqdan asılılığı aradan qaldırmaq istəyiriksə, DİM-in qəbul imtahanlarında dəyişik model olmalıdır.  Yəni bir abituriyent 6-7 fəndən deyil, 3-4 fəndən imtahan verib, ali təhsil müəssisəsinə girməlidir. Qəbul asanlaşmalı, oranı bitirmək çətinləşdirilməlidir. Bununla da repetitorluq asılılığı sıradan çıxacaq. Bir şagird 6 fəndən tək hazırlaşa bilmir, buna görə də əlavə hazırlığa ehtiyac duyur". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR