Ukraynada müharibə şəraitində seçkilərin keçirilməsi ilə bağlı qəbul ediləcək qanun yalnız bir dəfə tətbiq olunacaq.
Musavat.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, seçkilərin konkret nə vaxt, hansı şərtlərlə və hansı mexanizmlərlə keçiriləcəyi barədə hazırda geniş müzakirəyə başlamağı məqsədəuyğun hesab etmir. Stefançuk bildirib ki, bu məsələlər üzərində işləmək üçün yaradılmış işçi qrupuna və mütəxəssislərə hər bir bənd üzrə fikir bildirmək imkanı verilməlidir.
“Seçkilərlə bağlı hər mövzuda həm ‘lehinə’, həm də ‘əleyhinə’ ciddi arqumentlər var. Bunlar diqqətlə təhlil edilməli, ən yaxşı beynəlxalq təcrübə öyrənilməli və Ukrayna üçün yeni bir qanun təklif olunmalıdır. Bu qanun isə yalnız bir dəfə — məhz həmin seçkilər üçün nəzərdə tutulacaq”, — deyə Ali Rada sədri vurğulayıb.
Onun sözlərinə görə, müharibə dövründə seçkilərin təşkili həm təhlükəsizlik, həm hüquqi, həm də siyasi baxımdan son dərəcə həssas məsələdir və tələsik qərarlar yolverilməzdir.
Musavat.com






