Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırmasında adı hallanan müğənni Mabel Matiz ittihamlara münasibət bildirib.
Musavat.com xəbər verir ki, bəzi KİV-lərdə yayılan məlumatlara görə, Ədli Tibb Qurumunda aparılan analizlər zamanı sənətçinin sidik və saç nümunələrində narkotik maddə aşkar edildiyi iddia olunub.
Mabel Matiz isə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu məlumatları qətiyyətlə təkzib edib. O bildirib ki, həmin gün müstəqil laboratoriyada verdiyi sidik analizinin nəticəsi mənfi çıxıb və bunu ictimaiyyətlə bölüşüb.
“Haqqımda həqiqəti əks etdirməyən xəbərlərin yayılmasını böyük təəssüf və təəccüblə öyrəndim. Sizi düzgün məlumatlandırmaq istəyirəm. Ortada mütləq bir yanlışlıq var”, - deyə müğənni qeyd edib.
Sənətçi qan və saç analizlərinin nəticələrini də gözlədiyini, onların da mənfi çıxacağına əmin olduğunu vurğulayıb.
“Türkiyə ədalətinə güvənirəm. Bu səhvin də ən qısa zamanda düzəldiləcəyinə zərrə qədər şübhəm yoxdur”, - deyə Mabel Matiz əlavə edib.
Könül / Musavat.com






