WELT qəzeti Hamburqdakı Bundesver Universitetinin Alman Hərbi Oyunları Mərkəzi ilə birlikdə Rusiya ilə NATO arasında mümkün münaqişənin genişmiqyaslı simulyasiyasını həyata keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb.
Mütəxəssislərin qənaətinə görə, cəmi 15 minlik hərbi kontingent belə Qərb ölkələrinin reaksiyası gecikərsə, alyansı ciddi böhran qarşısında qoya bilər.
Simulyasiya ssenarisinə əsasən, Ukrayna ilə hipotetik atəşkəsdən sonra Moskva qüvvələrini yenidən yerləşdirir və Kalininqrad vilayətində “humanitar böhran” bəhanəsindən istifadə edir. Rus qoşunları Litva ərazisinə daxil olur, pilotsuz aparat və minalar isə alyans qüvvələrinin hərəkəti üçün əsas marşrutları bloklayır. İlk 48 saat ərzində ABŞ baş verənləri birmənalı şəkildə NATO-nun 5-ci maddəsinin tətbiqi kimi qəbul etmir, Almaniya və Polşa isə tərəddüd edir.
"Baltikyanı ölkələrdəki hərbi məqsədlərinə çatmaq üçün Rusiyanın Litva, Latviya və ya Estoniyanı işğal etməsinə ehtiyac yoxdur. O, Belarus və Kalininqraddan atəşə nəzarət qura bilər", - deyə simulyasiyada Rusiya Baş Qərargah rəisi rolunu oynayan avstriyalı hərbi ekspert Frans-Stefan Qadi bildirib.
Ekspertlərin ümumi rəyinə görə, əsas problem Rusiyanın hərbi imkanlarından çox Qərb ölkələrinin siyasi iradəsi ilə bağlıdır.
Qadi əlavə edib ki, Moskvanın Baltik regionundakı mümkün hədəfi alyansı nüfuzdan salmaq və Avropa İttifaqı daxilində zəifləmə yaratmaqdır. Onun sözlərinə görə, Baltik ölkələrinin Avropadan təcrid oluna biləcəyini inandırıcı şəkildə göstərmək bu məqsədə çatmaq üçün yetərli ola bilər.
NATO qüvvələrinin hazırlığı ilə bağlı iddialar
Məlumatda qeyd olunur ki, ötən il Baltik regionunda keçirilən genişmiqyaslı manevrlər zamanı Ukrayna hərbçiləri diqqətçəkən nəticələr nümayiş etdiriblər. Təlimlərdə 12 ölkədən 16 minə yaxın hərbçi iştirak edib və ssenaridə pilotsuz uçuş aparatlarından istifadə olunub.
İddialara görə, Ukrayna Silahlı Qüvvələrinin 10 hərbçisi yarım gün ərzində 17 zirehli texnikanı sıradan çıxarıb, digər hədəflərə isə 30 zərbə endirib. Döyüş davam etsəydi, alyans qüvvələrinin bir sutkada iki batalyon itki verə biləcəyi bildirilir.
Həmçinin qeyd edilir ki, Qərb hərbçiləri təlim zamanı maskalanmadan kifayət qədər istifadə etməyib, çadır və texnikanı açıq sahədə yerləşdirib, operativ məlumat mübadiləsi zəif olub və taktika köhnə üsullara əsaslanıb.
İqbal RZAYEV,
Musavat.com






