İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında bolluq – Bakı “Brend”i üçün risklər

1545 10.01.2026 01:38 İqtisadiyyat A A

ABŞ hökuməti Venesuela xam neftini qlobal bazarda satışa çıxarıb. Energetika Nazirliyinin açıqlamasında bu addımın “ABŞ, Venesuela və onların müttəfiqlərinin maraqları naminə” atıldığı bildirilib. Ticarət əməliyyatlarını həyata keçirmək və maliyyə dəstəyi göstərmək üçün artıq Vaşinqton aparıcı qlobal əmtəə treyderlərini və əsas bankları cəlb edib.

ABŞ Prezidenti Donald Tramp isə The New York Times-a verdiyi müsahibədə neft qiymətlərini aşağı salmaq planlarını açıqlayıb. Tramp bildirib ki, bazara Venesuela neftinin çıxarılması və ABŞ-da hasilatın artırılması ilə qiymətlər Amerika istehlakçıları üçün əlverişli səviyyəyə endiriləcək. “Biz neftdən istifadə edəcəyik və neft alacağıq. Qiymətləri aşağı salacağıq və Venesuelaya çox ehtiyac duyduğu pulu verəcəyik”, – deyə o qeyd edib.

Tramp həmçinin Venesuelanı bir neçə il ərzində effektiv idarə edəcəklərini və ölkənin böyük yataqlarından aktiv şəkildə neft çıxaracaqlarını söyləyib.

Qiymətlərin proqnozu: Bolluq davam edir

ABŞ-dan səslənən bu açıqlamalar neft qiymətləri üzrə ötən ilin ikinci yarısından bəri mövcud olan bədbin proqnozları gücləndirir. Niderlandın ən böyük maliyyə qruplarından olan ING Group 2026-cı ildə orta neft qiymətlərinin 57 dollardan aşağı olacağını proqnozlaşdırır. Qrup analitiklərinə görə, birinci rübdə qiymət 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58 dollar, dördüncü rübdə isə 54 dollar olacaq və il üzrə orta qiymət 56,5 dollar təşkil edəcək.

Rusiya analitikləri bildirirlər ki, hətta Venesuela hadisəsi və ABŞ-dan səslənən açıqlamalar olmasaydı belə, bazardakı mövcud təklif artıqlığı fonunda tələbin daha aşağı sürətlə artması qiymətləri 55–60 dollara qədər endirəcəkdi. Rusiya neftinin qiyməti isə bu zaman 35–40 dollar arasında dəyişəcəkdi.

Bu gün dünyanın enerji nəhənglərinin nümayəndələri Ağ Evdə Trampla görüşəcəklər. Gözləntilər görüşün şirkətlər və Ağ Ev administrasiyası arasında razılaşma elan olunması ilə başa çatacağını göstərir. Vaşinqton şirkətlərdən ən qısa müddətdə Venesuelanın neft sektoruna on milyardlarla dollar sərmayə qoymalarını, şirkətlər isə bu yatırımlar üçün birbaşa ABŞ tərəfindən zəmanət tələb edir. Görüş zamanı bu istəklərin uzlaşdırılması ehtimalı yüksəkdir.

Lakin belə bir razılaşmanın bazar təsiri daha çox psixoloji və qısamüddətli olacaq. Mövcud infrastrukturla Venesuelada neft ixracını qısamüddətli dövrdə – yaxın 5–6 ay ərzində – gündəlik 200–300 min bareldən çox artırmaq mümkün deyil. Daha yüksək artım üçün ciddi investisiya qoyuluşları və ən azı 1–2 il tələb olunur. Doğrudur, neft bazarında hazırkı məhsul bolluğu şəraitində 200–300 min barel də qiymətləri aşağı sala bilər, lakin bu zaman söhbət Ağ Evin gözlədiyi 50 dollar deyil, maksimum 60 dollar civarından gedəcək.

Picture background

İran və geosiyasi risklər

Son günlər İranda başlayan etirazlar ölkədə xaosa gətirib çıxarıb və neft hasilatında fasilə, yaxud ləngimələrə səbəb ola bilər. Hazırda İran dünya bazarına gündəlik 1,3–1,4 milyon barel neft çıxarır. Bu neftin 90 faizdən çoxunu Çin alır. Hətta bunun yarısının belə bazardan çıxması Venesuela effektini tam kompensasiya edə və qiymətlərin 65 dollar civarına qalxmasına səbəb ola bilər.
Maraqlıdır ki, İranda etirazlara Azərbaycan əyalətləri və Tehranın da qoşulması yarım gün ərzində neft qiymətlərini 59 dollardan 62,5 dollara qədər artırıb. Proseslərin sürətli inkişafı hakimiyyət dəyişikliyinə gətirib çıxarsa, bu bir neçə ay ərzində qiymətləri həmin səviyyədə sabitləşdirə bilər.

Picture background

ABŞ və Rusiya faktorları

Neft qiymətlərinin artımına təsir edə biləcək digər bir amil ABŞ Senatında Rusiya neftini alan ölkələrə qarşı sərt tədbirləri nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasıdır. Analitiklər bildirirlər ki, layihə qəbul olunarsa, Rusiyanın neft ixracında ciddi azalmalar qaçılmaz olacaq. Bu halda Çinin bir sıra müəssisələrindən başqa, ikincili sanksiya qorxusundan Rusiya neftini almağa cəsarət edən tapılmayacaq. Bu isə gündəlik təxminən 3 milyon barel neftin bazardan çıxarılması deməkdir. Belə vəziyyətdə qiymətlərin 70–73 dollara qədər qalxması mümkündür.

Azərbaycan üçün çağırışlar

Dünya neft bazarında sürətli və ziddiyyətli hadisələr fonunda Azərbaycan üçün çağırışlar aydın görünür. Neftin dəyərsizləşməsinin davam etməsi ölkəmiz üçün ciddi gəlir itkisinə səbəb olacaq. Burada həm qiymət, həm də hasilat azalması rol oynayır.

İqtisadçı Eldəniz Əmirov deyir: “Sektorda işləyən mütəxəssislər hasilatın azalma tempini yavaşıtmaq üçün qısamüddətli dövr üçün bəzi tədbirlər görə bilərlər. Lakin bütün texniki dəyişənlərdən asılı olmayaraq dəyişməyən bir reallıq var: neft tükənir və Azərbaycan üçün onun rolu əvvəlki onilliklərdəki kimi həlledici deyil. Hasilatın azalması artıq mühəndislik və texnologiya məsələsi deyil. Bu, iqtisadi modelin dəyişməsi zərurətidir. Məhz buna görə də iqtisadi planlama yalnız bugünkü neft gəlirlərinə deyil, qarşıdakı illərin daha aşağı hasilat reallıqlarına söykənməlidir. Həmçinin neft hasilatındakı azalma risk kimi yox, vaxtında düzgün oxunduqda yeni iqtisadi mərhələyə keçid üçün obyektiv siqnal kimi qəbul edilməlidir. Əsas məsələ isə bu siqnalların gecikmədən real qərarlara çevrilməsidir”.

 

DÜNYA SAKİT
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR