İsrailin baş naziri Benyamin Netanyahu Davosda keçiriləcək Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində İsrail prezidenti İsaak Herzoqun iştirakına mane olub.
Musavat.com xəbər verir ki, məlumatı İsrail Televiziyasının 12-ci Kanalı yayıb.
Mənbələrə görə, Ağ Ev Netanyahuya dəvət göndərərək baş nazirin, prezidentin və ya başqa bir nümayəndənin iştirak edə biləcəyini bildirib. Netanyahunun özü Qəzza zolağında müharibə cinayətlərində iştirakına görə Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı olduğu üçün Davosa gedə bilməyib.
12-ci Kanalın məlumatına görə, Vaşinqton administrasiyasının rəsmiləri iki dəfə İsrailə müraciət edərək, o vaxt Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Herzoqu Netanyahunun iştirak etmədiyi nizamnamənin imzalanma mərasimində görmək istədiklərini bildiriblər. Kanal iddia edir ki, iki tərəf gərgin müzakirələr aparıb və Netanyahu ABŞ prezidenti Donald Trampın dəvətinin şəxsən ona ünvanlandığını bildirərək Herzoqun mərasimdə iştirakını faktiki olaraq əngəlləyib.
Nəticədə, İsrail ilk missiyası Qəzza zolağındakı münaqişəni həll etmək və Fələstin anklavının müharibədən sonrakı yenidən qurulması olan Sülh Şurası nizamnaməsinin imzalanma mərasimində ümumiyyətlə təmsil olunmayıb. Kanal 12-nin məlumatına görə, mövcud vəziyyət İsraildə Baş nazir və Prezident ofisləri, Netanyahunun ofisi ilə Ağ Ev arasında "gərginlik yaradıb".
Musavat.com






