Nə qədər ki, Köçəryan, Sarkisyan, Ohanyan kimi nasistlər, hərbi canilər sağdır və Ermənistanda minlərlə ardıclıları var, Ermənistanla Azərbaycan arasında əsl, qalıcı sülh sazişi imzalamaq mümkün olmayacaq.
Hətta bu tarixi sənəd bu gün və ya sabah imzalansa da, kövrək və müvəqqəti olacaq, adı çəkilənlərdən biri və ya onların ardıcılları hakimiyyətə gələn kimi sülh sazişini ləğv edəcək, yeni bir münaqişə, müharibə fazası başladacaqlar.
Ermənistandakı müharibə partiyasının ciddi elektoratı var. Bu gün bu sosial baza öz liderlərini hakimiyyətə gətirmək iqtidarında deyil, amma bu, müvəqqəti hal ola bilər. Onlar güclənməyə ümid edir, xalqın patriotizm hissləri ilə oynayır, gecə-gündüz təbliğat aparır, siyasi rəqiblərin hər bir səhvindən yararlanmağa çalışırlar.
Mümkündür ki, bu düşüncədə olanlar arada taktikanı dəyişələr, sülhdən, xalqlar arasındakı dostluqdan danışa-danışa hakimiyyətə gələ, ondan sonra əba altında gizlətdikləri xəncəri çıxaralar.
2020-ci ilin payızında baş verən 44 günlük müharibədə və 1 sutkalıq lokal anti-terror əməliyyatında (2023-cü il) erməni hərbçilər ağır məğlubiyyətə uğrasalar da, köçəryanlar, sarkisyanlar məğlubiyyəti hələ də həzm edə bilməyiblər. Onlar belə qələmə verirlər ki, müharibədə uduzan Ermənistan olmayıb, Paşinyan olub və qədim Hayastan bu qədər ağır məğlubiyyətə layiq deyildi.
Qonşuluqda iç-içə və pis-yaxşı mehriban yaşayan iki xalq arasında nifaq salan, minlərlə məsum insanın faciəsinə səbəb olan bu şəxslər məğlubiyyətlərinin əsas səbəbinin baş nazir Paşinyanın Rusiyaya dirsək göstərməsi üzündən olduğunu bəyan etməkdən də çəkinmirlər.
Bəs harada qaldı “Qafqazın ən güclü ordusu”, “tarix yazan zinvorlar”, “Sasunlu Davidin qəhrəman nəvələri”? Heç demə, ermənilərin bütün gücü, əzəməti Rusiyanın kölgəsində olmalarındaymış, ruslara maşalıq edə-edə özlərini bir şey sanırmışlar. Təkbətək savaşa qalanda isə 45 günlük canları varmış.
Paşinyan və komandasının üzvləri bunu tez anladı, Köçəryan və komandası isə hələ anlamayıb.
Düzdür, ola bilər ki, hazırda Köçəryanın Paşinyana qarşı demarşı, tənqidi fikirləri, məğlubiyyətdə qınamaları sırf siyasi hakimiyyət əldə etmək üçündür, sabah o, yenidən hakimiyyətə gəlsə, məcburən reallıqlarla barışacaq və “sülhpərvər” olacaq.
Ancaq tarixi təcrübə göstərir ki, belə olacağına güman azdır. Revanşistlər hakimiyyətə gəlsələr, Azərbaycana qarşı qeyri-dost münasibətdə olan xarici qüvvələrin maşasına çevriləcək, onların gücü və fitvası ilə biz qarşı aqressiyalarını qaldıqları yerdən davam etdirməyə çalışacaqlar. Adi, sıravi ermənilər gənc ovladlarını qonşu ölkəyə qarşı yeni açılmış savaşa, raket-dron zərbələrinin altına göndərmək istəməsələr də, onların rəyini, arzusunu hesaba alan olmayacaq.
Hiss olunur ki, bunu erməni ictimaiyyətinin mühüm bir kəsimi də anlayır və onlar bu üzdən revanşistlərin əlini gücləndirmir, onların Paşinyanı devirməsinə şərait yaratmırlar.
Bu, “siçan-pişik” oyununun Ermənistanda nə qədər davam edəcəyi də bəlli deyil.
Rusiya regiondan heç vəchlə getmək istəmir, qulpuqırıq maşasından sona qədər yararlanmaq istəyir. İran da ermənilərə türk magistralı üzərindəki şlaqbaum kimi baxır, onunla münasibəti isti saxlamaq, zamanı gəldiyində Ermənistandan Azərbaycana qarşı maşa kimi istifadə niyyətindədir.
O biri böyük dövlətlərin də Ermənistanla bağlı öz maraqları var. Bu millət, nəhayət, öz qonşuları ilə sülh içində yaşayacaq, yaşamayacaq - bölgəyə burun soxan başqa dövlətlərin veclərinə deyil.
Tərs kimi, ermənilərdə pafoslu təbliğata tez uymaq, qəhrəmanlıq dastanlarından vəcdə gəlmə potensialı böyükdür, Paşinyan devrilsə və yerinə revanşistlər gəlsə, yenə də çoxluq militarist düşüncəyə dalacaq, yeni bir zərbə alıb ayılana qədər qara-qışqırıq salacaq.
Demək, 44+1 günlük savaşın nəticələri ilə hələ Qafqazda etibarlı sülhə nail olmaq çətindir. Bundan ötrü erməni nasizmi, kindarlığı birdəfəlik yox edilməlidir. O da erməni ziyalılardan, siyasət adamlarından asılıdır. Onlar öz xalqlarının beynini zəhərləməkdə davam etsələr, bu xalqın gələcəkdə də xoş günü olmayacaq.
Odur ki, biz çox da eyforiyaya qapılmamalıyıq, çomağı əlimizdə saz vəziyyətdə tutub, dağların o üzündəki “kim kimi” savaşının gedişatını izləməliyik.






