Azərbaycanda vətəndaşların onkoloji yardımı özəl tibb müəssisələrində də almasına imkan yaradılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və mediada insanlar bu yeniliyin müalicəyə çıxışı asanlaşdırıb-asanlaşdırmayacağını, özəl klinikalarda qiymətlərin aşağı olub-olmayacağını və icbari tibbi sığortanın bu xidmətləri əhatə edib-etməyəcəyini sual edirlər.
Səhiyyə iqtisadiyyatı üzrə ekspert Nərmin Abbaslı mövzu ilə bağlı Musavat.com-a danışıb: “Bu, Azərbaycanda səhiyyə iqtisadiyyatının ən böyük "tabu"larından birinin qırılmasıdır. İllərdir onkologiya sahəsi yalnız bir mərkəzin öhdəliyində idi. Dövlət Onkologiya Mərkəzi artıq fiziki olaraq bu qədər xəstə yükünü keyfiyyətlə qaldıra bilmirdi. Özəl klinikaların dövriyyəyə girməsi xəstə yükünün paylanması deməkdir. Həm də dövlət özəl sektoru da resurs kimi görüb ondan istifadə etməsi müsbət addımdır. Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün hüquqi baza hazırlayır. Bu qanunun müsbət tərəfi odur ki, növbələr azalacaq, özəl klinikalar prosesi sürətləndirəcək. Klinikalar sığorta və xəstə vəsaitini cəlb etmək üçün ən yaxşı onkoloqları və cihazları gətirməyə yarışacaqlar”.
Mənfi tərəfindən danışarkən ekspert deyib ki, onkoloji müalicə çox bahalıdır: “İcbari tibbi sığorta bu sahəni qarşılayana qədər insanlar özəl klinikalardakı yüksək tariflərlə üz-üzə qalacaqlar. Aztəminatlı ailələr üçün yenə də özəl klinikalar onların üzünə bağlı qalacaq. Gələcəkdə isə əgər İcbari Tibbi Sığorta Agentliyi bu sahəni qarşılasa və aşağı tarif qoysa, özəl klinikalar bu xidməti "kağız üzərində" göstərəcək, amma xəstədən əlavə "paket" ödənişlər tələb etməyə davam edəcəklər. Bu da sığorta agentliyinin insanlar qarşısında etibarını zədələyəcək. Çünki insanlar düşünür ki, mən sığortaya ödəniş edirəm, amma həkimə yenə ödəyirəmsə, sığorta demək işləmir. Bu, sığorta sisteminə inamsızlıq yaradır. Səhiyyədə onkologiya "informasiya asimmetriyası"nın ən yüksək olduğu sahədir. Özəl klinikanın mənfəət naminə xəstəyə ehtiyac olmadığı halda kimyaterapiya və ya ağır cərrahiyyə yazma riski var ki, İTS büdcəsindən daha çox vəsait alsın. Bu da resursların səmərəsiz istifadəsi deməkdir. Burada çox ciddi nəzarət mexanizmi qurulmalıdır”.
Nərmin Abbaslıya görə, dünya praktikasında onkoloji xidmətləri ən uğurlu həll edən ölkələr sırasında İngiltərə, Almaniya və Fransa var: “İngiltərədə onkoloji xidmətlər, ən bahalı kimyaterapiya dərmanlarından tutmuş, şüa terapiyasına qədər bütün xidmətlər tamamilə pulsuzdur. Hamısını dövlət ödəyir. Amma çox uzun növbələr ola bilər. Almaniyada da demək olar 99% faizini sığorta sistemi ödəyir. Pasiyent xəstəxanada qaldığı hər gün üçün simvolik bir rəqəm təxmini 10 euro pul ödəyir.
Onkologiyadakı bütün innovativ dərmanları sığorta zərfinən ən tez daxil edən ölkə Almaniyadır. Heç bir növbə yoxdur. Fransada da onkoloji diaqnoz qoyulan xəstəni dövlət sığortası 100 faiz təmin edir”.
Afaq Mirayiq,
Musavat.com






