İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar xalqa hesabat vermək üçün Ağsuya getdilər - FOTOLAR

880 15.01.2026 20:01 Siyasət A A

Ağsuda 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Musavat.com xəbər verir ki, yanvarın 15-də Ağsu rayon Mədəniyyət evində 2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Prezident Administrasiyasının sektor müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar, KİV və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqdan öncə tədbir iştirakçıları Heydər parkında Ulu Öndər **Heydər Əliyev**in abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olublar.

Tədbir rayon Mədəniyyət evinin konfrans zalında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hesabat məruzəsi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın bütün sahələrini təhlil edərək bildirib ki, il ərzində rayon üzrə buğda istehsalı 27 min 510 ton, arpa istehsalı isə 64 min 359 ton təşkil edib. Hər hektardan orta məhsuldarlıq 33,1 sentner olub ki, bu da 2024-cü illə müqayisədə hər hektara 1,6 sentner çoxdur.

Qeyd olunub ki, hesabat ilində iri fermer təsərrüfatlarında kənd təsərrüfatında mütərəqqi metod və texnologiyaların tətbiqinə xüsusi önəm verilib. Nəticədə damcı suvarma sistemi 1115 hektara, pivot suvarma sistemi isə 3246 hektara çatdırılıb.

RİH başçısı ənənəvi sahələrdən olan və əhalinin əsas gəlir mənbələrindən biri hesab edilən meyvəçiliyin də inkişaf etdirildiyini diqqətə çatdırıb. Belə ki, 2025-ci ildə ümumilikdə 1866 hektar meyvə bağlarında məhsul yığımı aparılıb, meyvə və giləmeyvə istehsalı 13 min 689 ton olub. Hər hektardan məhsuldarlıq 53 sentner təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 91 ton və ya hektara 6,5 sentner çoxdur.

Hesabat məruzəsində, eyni zamanda, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, eləcə də vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının sektor müdiri Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı Elçin Mirzəbəyli 2025-ci ildə ölkədə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan danışaraq, Ağsu rayonunda qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildiriblər.

Digər çıxış edən natiqlər də 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində qazanılan nailiyyətləri və 2026-cı ildə qarşıya qoyulan vəzifələri qeyd edərək, rayon icra hakimiyyəti tərəfindən görülən işləri qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti **İlham Əliyev**ə müraciət qəbul edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR