İnsanlara hürriyət, millətlərə istiqlal!

Övlad qətlləri artır: 3 günlük körpənin ölümü cəmiyyəti silkələdi

1417 26.11.2025 18:13 Ölkə A A

Rövşən Nəcəfov: “Ən böyük səhv budur ki, psixoloji çətinlikləri hələ də kiçik hesab edirik”

Noyabr ayında ölkədə ard-arda baş verən yanğınlar, partlayışlar və digər fövqəladə hallar fonunda kriminogen durumun da ağırlaşması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə uşaqlara qarşı ailə daxilində törədilən zorakılıq və qətl faktlarının artması insanların psixoloji təhlükəsizlik hissinə ciddi zərbə vurur.

Son günlərdə baş vermiş dəhşətli hadisə — Bakıda ananın yenicə dünyaya gətirdiyi körpəsini öldürməsi — cəmiyyətdə böyük rezonans doğurub (APA). Noyabrın 11-də Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova, üç günlük oğlan uşağını Türkan qəsəbəsi ərazisində dənizə ataraq qətlə yetirib. Polis əməkdaşlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində P. Eyvazova saxlanılıb və körpənin meyitinin tapılması istiqamətində axtarışlar aparılır, faktla bağlı araşdırma davam etdirilir.

Son illər valideynlərin və ya yaxın qohumların azyaşlı uşaqları qətlə yetirməsi ilə bağlı xəbərlərin çoxalması mövzunu daha da həssas və narahatedici edir. Artıq demək olar ki, hər ay mətbuatda buna bənzər məlumatlarla qarşılaşırıq və bu, cəmiyyətdə psixoloji gərginlik yaradır. Bundan əvvəl, avqust ayında Ağdamın Xındırıstan kəndində 2 və 3 yaşlı azyaşlılar valideynləri tərəfindən döyülərək xəsarət almışdı. Faktla bağlı araşdırma aparılıb və uşaqların vəziyyəti nəzarətə götürülüb. Sentyabr ayında isə Neftçalada daha ağır hadisə yaşanıb: 1 yaşlı əkiz körpələrdən biri anası tərəfindən yerə çırpılaraq öldürülüb. Bu xəbər geniş rezonans doğurub və cəmiyyətin ciddi qınağına səbəb olmuşdu.

Belə faktların ardıcıl şəkildə meydana çıxması həm sosial, həm psixoloji, həm də ailə institutunda baş verən problemlərin dərin olduğunu göstərir. Cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların valideyn və yaxınları tərəfindən zərər görməsi artıq təkcə ayrı-ayrı cinayət hadisəsi kimi deyil, sosial siqnal kimi qiymətləndirilməlidir. Bu hadisələr həm cəmiyyəti narahat edir, həm də cavablandırılması vacib suallar yaradır: insanları öz doğmalarına qarşı bu qədər amansız edən psixoloji vəziyyət nədir? Bu cür şəxsləri əvvəlcədən tanımaq mümkündürmü?

Rövşən Nəcəfov - Son müsahib (HEKAYƏ) » islahat.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Təkliyin nəticəsi bəzən faciə olur. Biz isə çox zaman yalnız nəticə ilə üzləşəndə ayılırıq. Psixi sağlamlıq olmadan xoşbəxtlik olmur. İnsanların psixoloji vəziyyətində baş verən dəyişiklikləri çox vaxt vaxtında görmürük. Bu isə problemin dərinləşməsinə və daha ağır nəticələrə səbəb olur. Ağır stress, depressiya və travma insanın düşüncə və davranışına nəzarəti zəiflədir. Dəstək və anlayış görməyən insanın çətinlikləri dərinləşir və nəticə faciəvi olur. Riskləri erkən mərhələdə görmək bir insanın həyatını xilas edə bilər.

Ana tərəfindən uşağın öldürülməsi kimi ağır hadisələr psixologiyada yüksək riskli klinik vəziyyətlər sırasında qiymətləndirilir. Belə davranışların əsas səbəbləri arasında ağır depressiya, doğuşdan sonra yaranan psixoloji pozuntular, reallıq qavrayışının pozulması və psixoz vəziyyətləri xüsusi yer tutur. İnsan emosional baxımdan tam tükəndikdə, sosial dəstək zəiflədikdə və stressə nəzarət imkanları itdikdə, sağlam qərarvermə funksiyası da pozulur. Bu səbəbdən psixoloji yardımın vaxtında və əlçatan olması yalnız fərdi sağlamlıq deyil, həm də ailə mühitindəki uşaqların təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır.”

Rövşən Nəcəfov “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında özünəqəsd edən 16 yaşlı qızın faciəsi ilə bağlı verilən suala da cavab verib:

“Sığınacaqda baş verən hadisə travma və itkilər yaşamış gənclərin psixoloji həssaslığını bir daha diqqətə gətirir. Belə şəraitdə olan şəxslərin emosional vəziyyətinin qiymətləndirilməsi tək bir görüşlə kifayətlənməməlidir. Hisslərdə və davranışda baş verən kiçik dəyişikliklər belə riskin artdığını göstərə bilər. Bu səbəbdən peşəkar psixoloqlar tərəfindən davamlı müşahidə, psixoloji dəstək və müdaxilə planlarının mövcudluğu çox vacibdir.

Cəmiyyət olaraq böyük səhvimiz budur ki, psixoloji çətinlikləri hələ də kiçik hesab edirik. Psixoloji dəstək almağı zəiflik kimi təqdim edirik. Halbuki özünü qorumaq və kömək istəmək insanın həyatını xilas edə bilən ən doğru addımdır. Ayıb olan isə laqeyd qalmaqdır. Ən böyük dəyər insanın həyatıdır. Bu dəyər şüarlarla yox, diqqət və real qayğı ilə qorunmalıdır. Ailə, məktəb, sosial xidmət və media bu mövzuda məsuliyyəti bölüşməli, hər kəs öz rolunu dərk etməlidir. Cəmiyyət psixoloji yardımın nə vaxt və harada əldə ediləcəyini bilməlidir. Dəstək xidmətləri əlçatan olmalı, insanlar isə kömək istəməyin normal və vacib olduğunu anlamalıdır. Həyatın qorunması elə buradan başlayır. Biz hadisələr baş verəndən sonra təlaşa düşmək əvəzinə, onların qarşısını almağı öyrənməliyik. Bir insanın həyatı zamanında görülən hətta kiçik diqqətlə belə xilas ola bilər. Heç kim öz içindəki ağrı ilə tək qalmamalıdır. Biz bir-birimizi görməyi və eşitməyi öyrənmək məcburiyyətindəyik. Cəmiyyət olmaq bunu tələb edir.”

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR