Fransanın Ermənistandakı səfirliyinin “vətən uğrunda həlak olanların xatirəsi” ilə bağlı yaydığı bəyanat rəsmi Parisin 44 günlük Qarabağ müharibəsinin nəticələrini hələ də qəbul etmədiyini açıq şəkildə nümayiş etdirir.
Musavat.com xəbər verir ki, bu mövqe Fransa diplomatiyasının Qarabağ reallıqlarına qarşı davam edən qərəzli və təhrifedici xəttinin növbəti təsdiqidir.
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın BMT və beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazilərinin 30 illik Ermənistan işğalından azad olunması ilə nəticələndi. Azərbaycan bu müharibəni öz torpaqlarında, beynəlxalq hüquqa tam uyğun şəkildə apararaq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Həmin ərazilərdə həlak olan erməni hərbçiləri “vətən uğrunda” deyil, Azərbaycanın suveren torpaqlarında qanunsuz şəkildə yerləşmiş işğalçı silahlı qüvvələrin tərkibində məhv ediliblər. Onlar 30 il ərzində Azərbaycan şəhər və kəndlərini talan edən, mülki əhaliyə qarşı ağır cinayətlər törədən işğalçı rejimin bir hissəsi olub və Azərbaycan Ordusunun legitim hərbi hədəfləri sayılıblar.
Buna baxmayaraq, Fransa səfirliyinin bu gün də “vətən” anlayışından istifadə etməsi Parisin Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etmək istəmədiyini göstərir. Halbuki Ermənistan artıq rəsmi şəkildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşıb.
Bu reallıqları bilərəkdən görməməzlikdən gəlmək, işğalçı ordunun məhv edilmiş üzvlərini “vətən uğrunda həlak olanlar” kimi təqdim etmək Fransa dövlətinin məsuliyyətsiz və anti-Azərbaycan mövqeyini ortaya qoyur. Daha əvvəl də qondarma separatçı qurumlara siyasi jestlər edən Paris bu bəyanatla öz mövqeyini bir daha ifşa edib.
Fransa siyasi dairələri, o cümlədən Emmanuel Makron administrasiyası anlamalıdır ki, Qarabağ müharibəsinin nəticələri dəyişməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir və bu faktın təhrif edilməsi regionda sülhə deyil, gərginliyə xidmət edir.
Musavat.com






