İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentarilər WUF13-də dayanıqlı şəhərlər və mənzil böhranını müzakirə edir-FOTOLAR

582 20.05.2026 17:21 Gündəm A A

Bakıda WUF13 çərçivəsində parlamentarilərin iştirakı ilə “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda dəyirmi masa keçirilir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, BMT-nin Ərəb Dövlətləri ofisinin rəhbəri Ranuya Hedeya çıxışında diqqətə çatdırıb ki, siyasi mühit sağlam olmasa,dayanıqlılıq mümkün deyil.

O, qeyd edib ki, hüquqi müdafiə mexanizmləri, insan hüquqlarını vurğulamaq önəmlidir.

“Local2030 Coalition" katibliyinin rəhbəri Sebastyan Vauzelle isə çıxışında qeyd edib ki, qlobal qərarların formalaşdırılmasında parlamentlərin xüsusi rolu var. O, vurğulayıb ki, yerli və aşağı səviyyəli məskunlaşmadan danışarkən, sadəcə yerli idarəetmə nəzərdə tutulmamalıdır.

Azərbaycan Milli Məclisinin deputatı Pərvanə Vəliyeva isə bildirib ki, zaman dəyişdikcə dayanıqlılıq artıq seçim deyil, zərurətə çevrilib:

“COP29 Bakıda keçiriləndə biziqlim fəaliyyəti ilə bağlı öhdəliklərin və diqqətin nə qədər vacib və təxirəsalınmaz olduğunu bir daha gördük. Bizə davamlı olaraq xatırladılır ki, həssas və müdafiəsiz əhali qrupları böhranlardan ən ağır şəkildə təsirlənən ilk insanlar olur. Qəbul edilən hər bir siyasət, ayrılan hər bir vəsait və verilən hər bir qərar şəhərdə kimin yeri alacağını, kimin isə geridə qalacağını müəyyənləşdirir”.

Milli Məclisin deputatı Nigar Məmmədova isə çıxışında qeyd edib ki, sürətli urbanizasiya, iqlim dəyişiklikləri, artan yaşayış xərcləri və infrastruktur üzərində təzyiqlər dövlətlər qarşısında yeni vəzifələr müəyyən edir:

“Bu səbəbdən dayanıqlı və inklüziv şəhərlərin qurulması artıq yalnız urbanistika məsələsi deyil, bu, sosial ədalət, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və insan rifahı məsələsidir. Yəni gələcək şəhərlərdə sivilizasiya səviyyəsi göydələnlərin sayı ilə deyil, hər kəsi təhlükəsiz və etibarlı bir evlə təmin etməyə hazır olub-olmamaları ilə ölçüləcək. Bu prosesdə parlamentlərin və parlament üzvlərinin rolu xüsusilə vacibdir. Çünki məhz parlamentlər qanunvericilik bazasını formalaşdırır, dövlət büdcəsini təsdiqləyir, hökumət üzərində nəzarəti həyata keçirir və vətəndaşların maraqlarını təmsil edir”.

Avropa Parlamentinin üzvü Markos Ros Sempere isə qeyd edib ki, uzun illər ərzində mənzil məsələsi əsasən milli, regional və ya yerli hakimiyyətlərin səlahiyyəti kimi qəbul edilirdi və Avropa səviyyəsində koordinasiya məhdud rol oynayırdı. O, əlavə edib ki, hazırkı böhran mənzil problemi olan minlərlə insanın həyatına təsir etməklə yanaşı, iqtisadi inkişaf, sosial birlik, ərazi inkişafı, inteqrasiya və vətəndaşların etimadı kimi sahələrə də geniş təsir göstərir.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR