Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Bakının Azərbaycan–Ermənistan istiqamətində yük tranzitinə icazə verməsi barədə qərarı alqışlayıb və bunu regionda sülh və sabitlik istiqamətində ən əhəmiyyətli nailiyyətlərdən biri adlandırıb.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, son aylarda regionda baş verən müsbət proseslər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.
O hesab edir ki, Bakıdan gələn bu addım həm Ermənistan üçün, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı ola bilər.
Baş nazir çıxışında bir neçə vacib məqama toxunub:
Paşinyan bildirib ki, Aİİ çərçivəsində vahid enerji resursları bazarının formalaşdırılması bütün üzv dövlətlər üçün bərabər şərtlərin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Erməni baş nazir həmçinin elektron ticarətin inkişaf mərhələlərini vurğulayıb, gömrük-nəqliyyat sahəsi də daxil olmaqla rəqəmsallaşmanı dəstəkləyən təşəbbüslərin vacibliyini qeyd edib.
Paşinyan hesab edir ki, rəqəmsal inteqrasiyanın genişləndirilməsi fonunda ümumi informasiya mühafizəsi mexanizmlərinin yaradılması həyati zərurətdir. Onun fikrincə, bu, İttifaq daxilində qarşılıqlı etimadı, rəqəmsal mühitin təhlükəsizliyini və proseslərin fasiləsiz işləməsini təmin edəcək.
Musavat.com






