Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə ölkəsini birləşdirən dəmir yollarının mümkün bərpası üçün hazırlıq işlərinə başlanmasının vacibliyini bəyan edib.
Musavat.com xəbər verir ki, Paşinyan bu fikirləri Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə keçirilən ikitərəfli görüş zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistanda artıq bəzi dəmir yolu xətlərinin bərpası ilə bağlı gündəm formalaşıb. Söhbət İcevan, Yerasx və Axurik istiqamətlərindən gedir ki, bu xətlər Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən əsas nəqliyyat marşrutları hesab olunur.
Baş nazir qeyd edib ki, hazırda sözügedən dəmir yollarının yenidən açılması ilə bağlı konkret siyasi qərar qəbul edilməyib. Bununla belə, Paşinyanın fikrincə, regional proseslər elə mərhələyə çatıb ki, ən azı texniki və hazırlıq xarakterli işlərə başlamaq zərurəti yaranıb.
Musavat.com






