Ermənistanın baş naziri Nikol Paşinyan regionda təhlükəsizlik mühitinin dəyişdiyini bildirərək Azərbaycan–Ermənistan sərhədində gərginliyin ciddi şəkildə azaldığını vurğulayıb.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, bir müddət əvvəl hər iki tərəfin sərhədçiləri səngərləri tərk edərək bir-birlərini açıq şəkildə görə biliblər. Daha sonra prosesin ikinci mərhələsi başlayıb — erməni və azərbaycanlı sərhədçilər dəbilqə və zirehli jiletləri çıxarıblar.
Baş nazir əlavə edib ki, indi avtomat silahlarda patron saxlanılmaması barədə razılıq əldə olunub və bu qərar tərəflər arasında etimadın artmasına xidmət edir.
Paşinyan yaxın perspektivdə yeni reallıqların formalaşacağını da qeyd edib:
“Çox tezliklə Azərbaycan və Ermənistan vətəndaşı sərhəd nəzarətindən keçməklə bir-birinə səfər edə biləcək, tranzit imkanlarından istifadə olunacaq. Cənubi Qafqaz tarixi günlərini yaşayır”.
Musavat.com






