"Telegram"ın qurucusu Pavel Durovun fəaliyyəti terrorçuluğa dəstək vermək ittihamı çərçivəsində araşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Federal Təhlükəsizlik Xidmətinin (FTX) materiallarına istinadla məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyi və FTX-nin məlumatına görə, 2022-ci ildən bəri "Telegram" vasitəsilə törədilən cinayətlərin sayı 153 minə çatıb.
Onlardan 33 mini "təxribat, terrorçu və ekstremist xarakterli cinayətlər" kimi qiymətləndirilir.
FTX iddia edir ki, messencer vasitəsilə planlaşdırılan 475 terror hücumunun qarşısı alınıb. Qarşısı alınan cinayətlər arasında "Ukrayna təlimatçıları tərəfindən ruhlandırılmış yeniyetmələr" tərəfindən planlaşdırılan məktəblərdə törədilməsi nəzərdə tutulan 61 kütləvi qətl də var.
10 fevralda "Telegram"ın bloklanmasından sonra "Roskomnadzor" açıqlayıb ki, hökumətin sosial media və internet xidmətlərinə yanaşması dəyişməz qalır: həm daxili, həm də xarici bütün resurslar Rusiya qanunlarına əməl etdikləri müddətcə fəaliyyət göstərə bilərlər. Bu tələblərə əməl etməyən mesajlaşma tətbiqləri isə "ardıcıl məhdudlaşdırıcı tədbirlərə" məruz qalacaq.
İqbal RZAYEV,
Musavat.com






