Məhəmməd Xatəmi kartını kim və niyə ortaya atdı: İran etirazları 2 həftəni arxada qoydu
İranda etirazların iki həftəsi tamam olur. Bu həftənin cümə axşamı günü Rza Pəhləvinin çağırışından sonra İranın iri şəhərlərində etirazlar daha radikal xarakter alıb.
Rəsmi hökumət mediası 200 təşkilatçının həbs edildiyi, onların bir qisminin silahlı olduğu və bəzilərinin kürd “Komala” partiyası ilə əlaqələrinin olduğu, bir nəfərin isə Mossad agenti olduğu haqda xəbərlər yayır.
Xüsusən də son iki gündə aksiyaların genişlənməsi və etirazçıların hökumət binalarını, bankları yandırması, polisə hücumların artması vəziyyətin nəzarətdən çıxacağı ehtimalını gücləndirir.

Əmir Hatəmi
Ancaq hələlik hökumət ordunu meydanlara çıxarmaq istəmir. Doğrudur, cümə günü ordu baş komandanı general Əmir Hatəmi bildirib ki, ordu dini rəhbərə və xalqa sadiqdir, etirazları yatıracaq, lakin hələlik küçələrə hərbi texnika və silahlı əsgərlərin yeridilməsi müşahidə olunmur. Həmçinin hələlik fövqəladə vəziyyət və ya komendant saatı kimi tədbirlər görülməyib. Bunun əvəzinə ali dini lider 12 yanvarda mitinq çağırışı edib. Həmçinin prezident Məsud Pezeşkianın xalqa müraciət edəcəyi gözlənilir.

Daha bir maraqlı detal eks-prezident, “islahat” qanadının mənəvi və siyasi lideri Məhəmməd Xatəminin yenidən dövriyyəyə buraxılmasıdır. Xatəminin daha əvvəl “İran siyasi sisteminin islahat ehtiyacı olması” ilə bağlı sözləri yenidən gündəmə gətirilib.
1997–2005-ci illərdə İran prezidenti olmuş Məhəmməd Xatəmi “islahat” qanadının lideri və son illərə qədər dini liderdən sonra ölkədəki ən nüfuzlu siyasi fiqur hesab olunur. Xatəmi eyni zamanda bu günə qədər bir neçə dəfə hazırkı sistemin həddən artıq mərkəzləşdiyini, siyasi, dini və hüquqi səlahiyyətlərin dini liderin əlində cəmlənməsi siyasətini tənqid edib və sistemdə islahat aparılması çağırışı edib. Eyni zamanda onun adı vaxtaşırı olaraq dini liderin mümkün xələfləri arasında hallanır, baxmayaraq ki, mühafizəkar qanadda ona qarşı ciddi müxalifət var.

Məhəmməd Xatəmi
Digər tərəfdən, radikal millətçi qanada yaxın olan Xatəminin ikinci böyük etnik qrup olan azərbaycanlılar arasında ciddi çəkisi yoxdur. Panfarsçı Xatəmi Azərbaycanda Xəzər dənizinə “Mazandaran gölü” deməsi ilə xatırlanır. Bu mənada Xatəmi amili İranda etnik qrupların maraqlarına uyğun deyil. Lakin indiki məqamda Xatəminin adının yenidən gündəmə gətirilməsinin arxasında başqa məqsəd dayanır.
Məsələ ondadır ki, ABŞ, Avropa və İsrail, habelə rejim əleyhdarı medianın xüsusi təbliğ etdiyi şahzadə Rza Pəhləvinin nə şəxsi keyfiyyətləri, nə də indiki durumu İranda rejimə qarşı təsir edəcək qüvvə olmasına imkan vermir. Bir sözlə, Pəhləvi hazırda hakimiyyətə alternativ olub onu dəyişəcək prosesə liderlik edəcək şəxs deyil.
![]()
İkinci tərəfdən, hər nə qədər etiraz dalğası genişlənsə də, mövcud sistem üçün açıq təhlükəyə çevrilməyib. Narazı kütlələr meydana çıxsa da, hakimiyyət hələlik bütövdür, parçalanmayıb, ordu və hökumət bir yerdədir. Müasir inqilab nəzəriyyələrində isə hakimiyyətin dəyişməsi üçün içəridən parçalanması həlledici amildir.
Belə görünür ki, Xatəmi faktorunun indi irəli sürülməsi məhz bununla bağlıdır. İran hakimiyyəti daxilində bölünmə və islahat–mühafizəkar parçalanması yaratmaq üçün Xatəmi amili önə çıxarılıb. “İslahatçılar” İslam İnqilabı ideyalarına bağlı olsalar da, mövcud sistemin işləmə mexanizmindən narazıdırlar və sistemdə islahatlar aparılmasına çağırırlar.
Başqa sözlə, İranda hakimiyyəti içəridən böləcək və daha çox kütləni səfərbər edəcək qüvvə Pəhləvi deyil, Xatəmi kimi içəridə nüfuzlu dini-siyasi şəxs ola bilər. Xatəmi isə ötən gün etirazlara görə mövcud hakimiyyəti ittiham edərək hökumətin yarıtmaz siyasətinin xalqı bu vəziyyətə gətirdiyini deyib, mitinqlərə haqq qazandırsa da, məscid və ictimai obyektlərin yandırılmasını pisləyib. Yəni bir mənada mövcud ssenari üçün “qapıları açıq” saxlayıb.
İrandakı hadisələrin gələcək inkişaf istiqamətini bazar ertəsinə təyin olunan hökumət etirazları və qarşıdakı günlərdə silahlı qüvvələrin meydanlara çıxarılması göstərəcək.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün






