Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.
Musavat.com xəbər verir ki, hakim qarşısına Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.
Bu gün keçirilən prosesdə məhkəmə tərkibinin dəyişdiyi məlum olub. Hakimlər Novruz Kərimov və Rasim Sadıxov yaş həddi ilə bağlı təqaüdə göndərildiyinə görə yeni heyət formalaşdırılıb.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi yeni hakimlər heyətində Mahirə Kərimova və Fəxri Məmmədov yer alıb. Hakim bildirib ki, qanunvericiliyə görə, tərəflər etiraz etməsə, proses qaldığı yerdən davam etdirilə bilər.
Zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri, dövlət ittihamçısı prosesin qaldığı yerdən, təqsləndirilən şəxslər və onların vəkilləri isə məhkəmə istintaqının təzə tərkibdə yenidən başlanmasını istəyiblər.
Məhkəmə istintaqı yenilənib, proses ittiham aktının elan olunması ilə başlanıb. Bildirilib ki, yeni işə çıxan hakimlər işlə tanış olublar, onlarda suallar yaranarsa, həmin hissə ilə bağlı dinləmə təkrar keçirilə bilər. Buna gərə də əvvəlki heyətin araşdırma mərhələsindən yalnız dövlət ittihamçısının çıxışı etməsi nəzərdə tutulub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Şahid qismində ifadə verən Təbriz Nəzirli bildirib ki, mərkəzdə mühəndis işləyib, hadisədən 7-8 ay sonra işdən çıxıb:
"Mənim vəzifəm avadanlıqların quraşdırılması ilə bağlı idi. Tibbi cihazlar mühəndisiyəm. İcbarı sığortanın işçi olmuşam. Elektrik yuvalarının açıq olması ilə bağlı mənə dedilər. Mən də bunu Elnur müəllimə çatdırdım. 4 "rozetka"nın üstü açıq idi. Elnur müəllim gəlib baxdı, dedi, həll olunacaq".
Şahid qeyd edib ki, Mehriban Abasquliyevaya işlə bağlı votsapda məlumat verib:
"Mən təkcə vatsapa məlumat verməmişəm. İşdə olanda ərazidə yoxlama aparan zaman da məlumat vermişəm. Elektirik yuvaların açıq olmasını özü də görüb. Demişdi ki, problem həll olunacaq. Yanğın baş verən zaman orada olmuşam. Gecə orada idim, sonradan getdim. Mən geri qayıdanda yanğın söndürlümüşdü".
Şahid bildirib ki, hadisədən sonra küveyzlərə baxış keçirilib:
"Mütəxəssisin küveyzə baxış keçirməsi ilə bağlı protokol yazılıb. Mən də protokola imza atdım. Küveyzlər olan otaqlarda uzadıcılar var idi. Onlar küveyzlərə qoşulmuşdu. Yanğının baş verdiyi küveyzə uzadıcı qoyulmasını əvvəllər görmüşəm".
Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev şahidin yalan danışdığını deyib:
"Yanğın baş verdiyi küveyz tibb bacıları tərəfindən dəyişdirilib. Bu yanan küveyzdə uzadınıcın qoşulmasını necə görə bilər? Yalan danışır".
Dövlət ittihamçısı vəkilin şahidə təzyiq göstərdiyini deyib və ona xəbərdarlıq edilməsini istəyib. Hakim vəkilə xəbərdarlıq edib. Daha sonra şahid təqsirləndirilən şəxslərin digər vəkillərinin suallarını cavablandırıb.
Vəkil Əlövsət Abbasov cihazların hansının panelə, hansının uzadıcıya qoşulmalı olduğu göstərişi barədə soruşduqda şahid belə cavab verib:
"Biz bunu deyirdik, amma qızlar deyirdilər ki, nə edək, xəstə çoxdur, yer yoxdur. Mən bununla bağlı Elnur müəllimə də demişəm. Tibb bacıları bizə "rozetka" sayının az olmasından şikayət edirdilər. Uzadıcının uzadıcıya qoşulmasını görməmişəm. Bunun şahidi olmamışam, amma eşitmişəm".
Təbriz Nəzirlinin sözlərinə görə, mərkəzdə səyyar cihazlar olub:
"Uzadıcı bir neçə küveyzə qoşulduğu halda yanğın uzadıcıda baş verir. Yükə dözmür, gərginlik artır, bu da yanğına səbəb olur".
Vəkil isə bildirib ki, yanğın uzadıcıda deyil, aparatda baş verdiyi videogörüntülərdən aydın görsənir.
Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yeni doğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Proses yanvarın 7-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






