İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan Azərbaycanla bağlı SEPAH-a XƏBƏRDARLIQ

9043 09.02.2026 20:43 Siyasət A A


İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında medianı və rəsmi şəxsləri qonşu ölkələrə qarşı təhqiramiz ifadələrdən istifadə etməməyə çağırıb.

Pezeşkian qonşu ölkələrlə müsbət münasibətlərin vacibliyini vurğulayıb və bildirib ki, media onlara qarşı təhqiramiz ifadələrdən çəkinməlidir. Region ölkələrinin, xüsusən də İranla həmsərhəd olan ölkələrin tez-tez Tehranla əlaqə saxladığını qeyd edən Pezeşkian bu ölkələrin bölgədə müharibənin qarşısını almağa və problemləri dialoq yolu ilə həll etməyə çalışdıqlarını vurğulayıb. Pezeşkian həmçinin İran rəsmilərini qonşu ölkələrlə münasibətlərə zərər verə biləcək açıqlamalardan çəkinməyə və açıqlamalarında diqqətli olmağa çağırıb. Bundan əvvəl İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehran administrasiyasının xarici siyasətdə qonşularla münasibətlərə dair bir çox səhvlərə yol verdiyini bildirmişdi.

Zaman-zaman SEPAH-a yaxın media resurslarında Azərbaycanla və yerli media ilə bağlı sərt yazılar dərc olunur. Bu materiallarda ölkənin xarici siyasəti, regional proseslər və təhlükəsizlik məsələləri fonunda ittihamlar yer alır.

Siyasi analitik Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İran hakimiyyəti daxilində bu cür fikirlərin açıq şəkildə səsləndirilməsi ilk növbədə onu göstərir ki, ölkənin xarici siyasətinə yanaşmada vahid və tam konsensus mövcud deyil. Bu fikir ayrılıqları təsadüfi xarakter daşımır, əksinə İran siyasi sisteminin çoxqatlı və mürəkkəb təbiətindən qaynaqlanır. Müxtəlif institutların, şəxslərin və siyasi ənənələrin eyni vaxtda xarici siyasətə təsir göstərməsi belə fərqli mövqelərin ortaya çıxmasını qaçılmaz edir”.

Analitik qeyd edir ki, Məsud Pezeşkian seçkili prezident olaraq daha çox gündəlik reallıqları, iqtisadi vəziyyəti, regional sabitliyi və beynəlxalq təzyiqləri nəzərə alan praqmatik xətti ön plana çıxarır: “Onun ritorikasında qonşularla münasibətlərin normallaşdırılması, gərginliyin azaldılması və diplomatik dilin yumşaldılması xüsusi yer tutur. Bu, həm daxili auditoriyaya, həm də xarici aktorlara verilmiş mesaj kimi oxuna bilər. Çünki İran hazırkı mərhələdə uzunmüddətli qarşıdurmaların iqtisadi və siyasi yükünü daşımaqda çətinlik çəkir.

Kamal Xərrazi isə İranın xarici siyasətinə daha çox ideoloji və strateji dövlət ənənəsi prizmasından yanaşan fiqurdur. Onun mövqeyi İslam Respublikasının quruluş fəlsəfəsinə, inqilab sonrası formalaşmış siyasi doktrinaya və regional iddialara söykənir. Bu baxımdan Xərrazinin səsləndirdiyi tənqidi fikirlər, əslində, ideoloji xəttin zəiflədiyi narahatlığını da əks etdirir. O, praqmatizmin həddən artıq önə çıxmasının İranın uzunmüddətli strateji mövqelərinə zərər verə biləcəyini düşünür”.

Azər Hüseynova görə, bu iki yanaşma arasındakı fərq onu deməyə əsas verir ki, tərəflər eyni məqsədi fərqli vasitələrlə reallaşdırmaq istəyirlər: “Biri daha çox çevik diplomatiyaya və dialoqa, digəri isə ideoloji ardıcıllığa mövqeyə üstünlük verir. Lakin İranın siyasi tarixi göstərir ki, prezidentlərin fərdi mövqeləri və ritorikası sistemin əsas xəttini köklü şəkildə dəyişmək gücündə olmur. Ali liderlik institutu və təhlükəsizlik strukturları xarici siyasətdə əsas istiqamətləri müəyyənləşdirir və bu çərçivədən kənara çıxmağa imkan vermir.

Bu səbəbdən Pezeşkianın praqmatik çağırışları müəyyən taktiki yumşalmalar yarada bilsə də, strateji səviyyədə davamlı dəyişikliklərə çevrilməsi sual altındadır. İran təcrübəsi göstərir ki, prezidentlərin fərqli baxışları zamanla ya sistemə uyğunlaşır, ya da təsir gücünü itirir. Hazırkı fikir ayrılıqları daha çox daxili balansın və müxtəlif siyasi yanaşmaların ifadəsi kimi qiymətləndirilməlidir, köklü xətt dəyişikliyinin əlaməti kimi deyil”.

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR