İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsinin əsas səbəbi - AZAL təyyarəsi böhranı...

1935 22.12.2025 22:04 Son xəbər A A

Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsi rəsmi olaraq iş qrafikinin sıxlığı ilə izah edilib.

Musavat.com xəbər verir ki, məsələni daha dərindən təhlil etdikdə bu qərarın arxasında AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan–Rusiya münasibətlərində hələ də həllini tapmayan ciddi böhranın dayandığı aydın görünür.

Xatırladaq ki, ötən il AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən mülki təyyarəsinin qəzaya uğraması Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak üçün Sankt-Peterburqa yollandığı vaxta təsadüf etmişdi.

Həmin vaxt dövlət başçısının təyyarəsinin havada geri döndərilməsi barədə qərar qəbul olunmuş və Prezident Bakıya qayıtmışdı. O anlarda ictimaiyyət yalnız Qazaxıstan ərazisində baş vermiş dəhşətli qəza görüntüləri ilə qarşı-qarşıya idi.

Qəzanın səbəbləri tam aydınlaşmamış, ilkin versiyalar irəli sürülməmişdən əvvəl Prezident İlham Əliyev Bakıya qayıdaraq birbaşa hava limanında müşavirə keçirmişdi. Bu addım dövlət başçısının hadisəyə münasibətdə göstərdiyi prinsipial mövqenin bariz nümunəsi kimi yadda qalmışdı.

Son bir il ərzində Azərbaycan–Rusiya münasibətlərində baş verən bütün prosesləri xatırlatmağa ehtiyac yoxdur.

Məlumdur ki, dönüş nöqtəsi 9 oktyabr tarixində Düşənbədə keçirilən MDB sammitində baş verib. Həmin sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşdə AZAL-a məxsus mülki təyyarənin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf edib və üzr istədiyini bildirib. 

Bununla yanaşı, o, “belə hallarda görülməsi zəruri olan bütün addımların atılacağına” dair vəd verib.

Belə hallarda atılmalı olan addımlar isə açıqdır: məsuliyyətin tanınması, rəsmi üzrxahlıq, zərərçəkənlərə kompensasiyaların ödənilməsi və günahkarların cəzalandırılması.

Lakin keçən iki ay yarımdan artıq müddət ərzində Rusiya tərəfi bu istiqamətdə real addımlar atmayıb. İstintaq prosesi başa çatdırılmayıb, kompensasiyalar ödənilməyib, məsul şəxslər cəzalandırılmayıb. Qazaxıstan tərəfinin açıqlamalarından da məlum olur ki, qəza ilə bağlı yaradılmış komissiyanın işi hələ də yekunlaşmayıb və xüsusilə Rusiya tərəfi öz üzərinə düşən mərhələni tamamlamayıb.

Belə bir vəziyyətdə Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsi tam məntiqli və əsaslandırılmış addım kimi qiymətləndirilir. Söhbət sammitin özündən deyil, tədbirin Rusiyada keçirilməsindən gedir. Azərbaycan bununla bağlı mövqeyini artıq Düşənbədə nümayiş etdirib.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarıb ki, bu da MDB məkanının təxminən üçdə ikisini əhatə edir. Ermənistanla ikitərəfli format üzrə proses irəliləyir, Belarusla münasibətlərdə də problem yoxdur. Bu mənzərədə açıq qalan yeganə istiqamət Rusiya ilə əlaqələrdir və bunun səbəbi hamıya bəllidir.

Beləliklə, Prezident İlham Əliyev bir daha AZAL təyyarəsinin qəzaya uğraması məsələsində ardıcıl və prinsipial mövqeyini nümayiş etdirir. Azərbaycan konstruktiv mövqe sərgiləyir və Rusiya tərəfinin verdiyi vədlərin tam icrasını gözləyir.

Məsələ “A”-dan “B”-yə yox, “A”-dan “Z”-yə qədər – yəni tam və ədalətli şəkildə həll olunmalıdır.

İlin sonunda Azərbaycan–Rusiya münasibətləri hələ də həllini tapmamış təyyarə böhranı fonunda qalmaqdadır. Azərbaycan tərəfi açıq şəkildə bəyan edib ki, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, məsələ bağlana bilər. Əks halda Bakı öz mövqeyini beynəlxalq hüquqi mexanizmlər vasitəsilə müdafiə etməkdə davam edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR